-
- 15-03-2024, 21:56
- 682
Göz təzyiqi hansı halda yaranır? - AÇIQLAMA
Normalda göz təzyiqi 12-20 mm civə sütunu arası olmalıdır. Aşağı və yuxarı olanda gözdə müəyyən narahatlıqlar yaranır.
News24.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" hesabında Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Cəmil Həsənov deyib.
Onun sözlərinə görə, bu təzyiq gözdaxili maye hesabına yaranır:
"Kiprikli cisim mayeni ifraz edir. Xüsusi fizioloji yollarla göz mayesi damar vasitəsilə çıxır (axır). Bununla da daimi balans saxlanılır. Balans olanda gözün normal təzyiqi 12-20 mm civə sütunu olur".
C.Həsənov qeyd edib ki, 50-55 yaşdan yuxarı insanlarda mayenin çıxış yolları azalmağa başlayır:
"Bu zaman gözün ön kamerasında fizioloji yollarda xüsusi bioloji - şərti olaraq adlandırdığımız - "filtr" var. Yaş artdıqca, bu "filtr" yavaş-yavaş tutulur və mayenin axınına maneələr yaranır. Mayenin axını fizioloji yolla azalandan sonra gözdaxili təzyiq artır. Əgər 50 yaşlı adamlarda 200 nəfərdən 1-də qlaukomaya rast gəlinirsə, 80 yaşında 10 nəfərdən 1-də qarşılaşırıq".