-
- 16-03-2024, 18:50
- 342
Uels şahzadəsi haradadır?
Səhhətində yaranan problemlərə görə bir müddət gözdən uzaq düşən Uels şahzadəsi Keytlə bağlı suallar gündəmdədir.
News24.az xəbər verir ki, 42 yaşlı şahzadə Keyt yanvarın 16-da paytaxt Londonda qarnından əməliyyat olunub.
İki həftə xəstəxanada qalan şahzadənin evə buraxıldığı və sağalmağa başladığı açıqlanıb. Şahzadə həmin gündən, yəni təxminən 3 aya yaxın ictimaiyyət qarşısına çıxmayıb.
İngiltərədə Analar Günündə Kensinqton Sarayında şahzadə Keyt və uşaqlarının fotosu təqdim edilib.
Lakin beynəlxalq xəbər agentlikləri fotonun “manipulyasiya” olduğunu əsas gətirərək dərcdən çıxarıblar.
Beləliklə, saray sui-qəsd nəzəriyyələrinin qarşısını almaq istəsə də, nüfuzuna xələl gətirir.
Fransanın AFP xəbər agentliyi şahzadə Keytin şəklinə “embarqo” qoyan agentliklərdən sadəcə biridir. Agentliyin Qlobal Xəbərlər üzrə direktoru Fil Çetvind Britaniyanın BBC radiosuna mövzu ilə bağlı danışıb. Onun sözlərinə görə, Kensinqton sarayı indi Şimali Koreya və İran kimidir, yəni artıq etibarlı mənbə deyil.
Şahzadə Keytin fotosu dünya kral ailələrinin də söhbətinə çevrilib.
Hollandiya kralı Willem Alexander ailəsi ilə çəkdirdiyi fotoya "ən azından fotoşop etməmişəm" deyib.
Şahzadə Keyt şəklin "montaj edildiyi" məlum olduqdan sonra üzr istəyib və fotoya düzəlişlər etdiyini etiraf edib.
Lakin şahzadə Keytin bu açıqlamaları sui-qəsd nəzəriyyəçilərini qane etməyib.
Heç bir sübut olmasa da, Uilyam və Keytin münasibətlərinin pis olduğu, hətta boşanma prosesində olduğu iddia edilib.
Vəliəhd Uilyamın şahzadə Keyti aldatdığı iddiaları da gündəmdədir.
Qeyd edək ki, Uilyamın Keytin dostu, keçmiş model Ledi Rouz Hanberi ilə münasibətdə olduğu iddia edilir.
Günel Məlikzadə