-
- 25-04-2019, 14:52
- 3 400
108 saylı məktəbdə RÜŞVƏT QALMAQALI
“Direktor mənə telefonla zəng elədi ki, müəllimə siz mənə “hörmət etməsəniz” dərslərinizi əlinizdən alacam. Mənim də o pulu verməyə imkanım olmadığı üçün sentyabr ayından işdən çıxarıldım”.
Bu sözləri Suraxanı rayon 108 saylı məktəbdən çıxarılan tarix və ibtidai sinif müəlliməsi Hacıyeva Rəxşəndə News24.az-a müraciətində bildirib.
Müəllimə qeyd edir ki, əvəllər İmişli, Kəlbəcər rayonunda təyinatla işləyib: “Yoldaşımın işi ilə əlaqədar 2011-ci ildə köçüb Bakıya gəlmişəm. 2016-da Suraxanı rayon 108 saylı tam orta məktəbdə müəllimə işləməyə başladım. Bu ilin yanvar ayından məktəbə yeni direktor -Bəsti Hüseynova təyin olundu. O, işə başlayan kimi bütün müəlliməri yanına çağırıb dərs saatlarını bölüşdürdü. Mənə dedi, dərsin 10 saatı mənim, 4-saatı sənindir. Mənsə bununla razılaşmadım. O da dərslərimi alıb, başqa müəlliməyə verdi. Mənim yerimə də yeni müəllim gətirdi. Mənim iki ixtisasım var- həm tarix, həm də ibtidai sinif müəlliməsiyəm. Ora işə götürüləndə daimi müəllimə kimi götürülmüşəm. Yeni direktor mənə zəng elədi ki, “müəllimə, siz məni “görməsəniz” dərslərinizi əlinizdən alacam. Mən ona dedim ki, buna imkanın yoxdur. O da sentyabr ayından məni işə buraxmadı. Belə qanun harda yazılıb ki, direktor hər dəfə pul yığmalıdır?! Direktor hər ay müəllimlərdən dərs saatlarına görə pul tələb edir. 30 dərs saatına 30 manat, 20 dərs saatına görə isə də 20 manat istəyir. Məktəbə yoxlama gələndə müəllimlərdən 500 manat pul yığır. Məndən də 150 manat istədi. Daha sonra üç ay evdə qalmağıma görə də 60 manat tələb elədi. Sonra onun belə tələblərinin sayı artdi. Mən onun dediklərinə əməl etmədiyim üçün üçün məni işdən çıxardı”.
35 ilin müəlliməsi olduğunu vürğulayan R.Hacıyeva məktəbdən uzaqlaşdırılmasının ona böyük mənəvi zərbə olduğunu bildirir: “Bu qədər böyük təcrübə, uzun illərin zəhmətkeş müəllimi kimi kənara atılmaq mənə çox pis təsir eləyir. O məktəbdə neçə-neçə uşağın yetişməsində, təhsilində mənim zəhmətim var. Üstəlik, maaşımdan kəsib məktəbdə mənə verilən otaqlarımı təmir etdirmişəm. Valideynlərdən, müəllimlərdən mənim necə müəllimə olduğumu soruşa bilərsiniz. Diaqnostik imtahanda iştirak etmişəm. Bütün bunlara rəğmən, B.Hüseynova mənə qarşı böyük haqsızlıq elədi. Neçə illik təcrübəmə baxmayıb məni məktəbdən uzaqlaşdırdı. Bu, mənim müəllimlik fəaliyyətimə böyük zərbədir. Bundan sonra hansı məktəb məni işə götürər?”
Müəllimə deyir ki, işinə geri qaytarılması üçün məktəb rəhbərliyinə dəfələrlə müraciət edib. Amma onun bu istəyinə məhəl qoyulmayıb: “Dəfələrlə müraciət etməyimə baxmayaraq, məni işimə geri qaytarmadı. Məktəbin psixoloqu, lobarantı, bədən tərbiyəsi müəlliməsinin adı işdə gedir, amma özləri bir ildir işə gəlmir. Eyni zamanda, məktəbin 10-11-ci sinif şagirdləri də dərsə gəlmir. Şagird siyahısında adları var, amma özləri məktəbə gəlmirlər, məşğələyə gedirlər. Direktor məktəbdə istədiyi qədər belə qanunsuzluqlar edir. Bu qədər özbaşınalıq olarmı?! Belə davam etsə, intihar edən Elina kimi uşaqların sayı çox olacaq.
Müəllimə onu da bildirdi ki, direktor ona edilən etirazlara, təpkilərə belə cavab verir: “Direktor məktəbdə hegemonluq edir, etiraz edəndə də deyir, təhsil naziri mənim qohumumdur, heç kimdən qorxmuram”.
Müəllimə onu da bildirdi ki, onun bu işə maddi baxımdan da böyük ehtiyacı var: “Ailəmdə heç birimiz işləmirik, maddi vəziyyətimiz çətindir. İşdən çıxarılmağım dolanışığıma da zərbədir”.
R.Hacıyeva problemlə bağlı Təhsil Nazirliyinin “qaynar xətti”nə də müraciət edib: “ Dedilər, direktor sizinlə müqavilə bağlasın. Amma o, müraciətimi qəbul etmədi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə getdim, məni işə qaytardılar, di gəl, B.Hüseynova məni yenidən işə götürmədi. İndi bilmirəm bu direktorun qarşısını kim ala bilər. Onunla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciət etdim. Uşaqları, müəllimələri elə öyrədir ki, bizim özümüzü borclu çıxarırlar”.
Sözügedən məsələ ilə bağlı məktəbin direktoru B.Hüseynovanı aradıq. O, News24.az-a məsələ haqda bunları dedi: “Elə bir şey ola bilərmi ki, Təhsil Nazirliyindən razılıq olsun, mən buna icazə verməyəm? Bu məktəbdə 6 müqavilə ilə işləyən müəllimi Təhsil Nazirliyinin insan resursları şöbəsi müqavilə müddəti bitdiyinə görə işdən azad edib. Və onların təkrar imtahan verib işə qəbul olunması üçün məlumat verilib. Bu səlahiyyətlərin hamısı Təhsil Nazirliyində və Dövlət İmtahan Mərkəzindədir. O müəllimə məndən 3-4 il əvvəl bu məktəbdə müqavilə ilə işləyib. Mən onu nə işə götürmüşəm, nə də işdən çıxarmışam. O, dəfələrlə Təhsil Nazirliyində olub, ona deyilib ki, əgər 2012-ci ildən daimi işdən azad olunmusansa, 2013-cü ildən məktəblərə qəbul imtahanla keçirilir, get, hazırlaş imtahan ver. Neçə ildi müqavilə ilə işlədiyinə görə, müqavilə müddəti bitən kimi işdən azad olub. Yanvar ayında mən işə təyin olunanda o müəllimə müddətli müqavilə ilə işləyirdi. 14.6.2019-da bu müqavilə bitdi. Təzədən yeni tədris ilində həmin müəllimlərlə müqavilə bağlanmalıdır. Builki tədris ilində müəllimlərlə müqavilə bağlamaq Təhsil Nazirliyi insan resursları şöbəsinin müdiri Eşqi Bağırova tapşırıldı, o özü imtahandan keçmiş bal toplayan müəllimləri məktəblərə göndərdi. Hazırda imtahandan keçmiş 4 müəllim məktəbimizə dərs deyir. Məktəb direktorunun müəllim götürməyə səlahiyyəti yoxdur. Onun sizə verdiyi şantajyönlü şikayəti də əsassızdır. Mən qanunlara qarşı çıxa bilmərəm, hər bir müəlliməni də canla-başla qarşılamağa hazıram”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərdik. Qurumdan mövzu ilə bağlı verilən cavabı sizinlə paylaşacağıq.
Afaq MİRAYİQ