Ermənistan üçün fəlakət ssenarisi yazılır – 8 gün qaldı…
    • 28-03-2024, 19:39
    • 216

Ermənistan üçün fəlakət ssenarisi yazılır – 8 gün qaldı…

“Sülh danışıqlarının davam etdiyi bir mərhələdə Ermənistanın davamlı şəkildə silahlandırılması və belə görüşün keçirilməsi Azərbaycana qarşı məkrli niyyətlərin təcəssümüdür”.

News24.az bildirir ki, bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə baş tutacaq görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, indiki məqamda ABŞ, Avropa İttifaqı və hətta NATO-nun nümayəndələrini Ermənistanla birləşdirən iki əsas məqsəd ola bilər:

“Birincisi, Azərbaycanın yaratdığı yeni reallıqlar sadəcə Cənubi Qafqazda deyil, eyni zamanda bütövlükdə qlobal sistemdəki “qaydaları” da alt-üst etmiş oldu. Yəni artıq münaqişələrin həlli və milli təhlükəsizliyin təmin olunması ilə bağlı yeni Azərbaycan modeli var və bu model imperialist dövlətlər üçün kifayət qədər qorxuducu məqamdır.

Nəticə etibarilə kiçik və orta güc hesab edilən dövlətlərdə süni münaqişə ocaqları yaradaraq onlara təzyiq göstərmək qlobal aktorlar üçün heç də asan olmayacaq. Məhz ona görə də Fransanın dirijorluğu ilə bağlı estafeti təhvil alan ABŞ və bəzi siyasi dairələr Azərbaycana qarşı qərəzli və əsassız iddialar üçün heç bir etik və hüquqi sərhəd tanımırlar. Bu iddiaların heç bir təsir gücünün olmadığını gördükləri üçün şərti sərhəddəki təxribatların və Ermənistanın əsassız “təhlükəsizlik qayğıları” ilə hərbiləşdirilməsinin davamı olaraq belə görüşlər vasitəsilə siyasi təxribatlar davam etdirilir”.

Politoloq deyib ki, bu görüşlər şifahi müzakirələrdən və ya növbəti qərəzli bəyanatlardan kənara çıxmayacaq:

“Ermənistanın hərbi-siyasi hakimiyyəti nə qədər də qərbyönümlü meyillər nümayiş etdirsə belə hazırda MDB-nin, həm KTMT-nin, həm də Avrasiya İqtisadi Birliyinin üzvüdür. Real olaraq nə ABŞ, nə NATO, nə də Aİ ilə heç bir hüquqi əsasları olan birlik formalaşdıra bilməz. Buna cəhd belə Ermənistan üçün fəlakətin başlanğıcı ola bilər. Belə ki, bu fəlakət ssenarisi 5 aprel görüşü çərçivəsində Ermənistanı Aİ, ABŞ və NATO ilə birləşdirən ikinci məqsəd olaraq qeyd edə biləcəyimiz Rusiyanın Ermənistandakı və ümumilikdə Cənubi Qafqazdakı maraqlarının hədəf alınması məsələsinin əks təsiri olaraq təzahür edəcəkdir”.