-
- 30-03-2024, 20:05
- 278
Serial “sənayesi”nin TELEFON ÇƏKİLİŞLƏRİ
“Sosial şəbəkələrdə “rolik” çəkənlər məşhurlaşır, sonra da başlayırlar seriallara ayaq açmağa”.
News24.az xəbər verir ki, bu sözləri tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov Yenicag.az-a açıqlamasında deyib.
Aktyor həvəskarların ortaya düşüb, özlərini peşəkar rejissor, aktyor kimi təqdim etdiklərini, nəticədə peşəkarların kino sahəsindən kənarda qaldıqlarını təəssüf hissi ilə bildirib:
“50-60 il əvvəl çəkilən elə filmlərimiz var ki, bu gün də baxılır, maraqla izlənilir. Həmin filmlərə peşəkarlarla yanaşı, nadir hallarda qeyri-peşəkar insanlar da çəkilib. Amma o adamlar həmin peşəkarların yanında daha da püxtələşiblər. Çünki peşəkar tərəf-müqabillərinə baxıb çox şeylər öyrənirdilər.
Lakin indi vəziyyət dəyişib. Adi telefonla serial, kino çəkirlər. Sosial şəbəkələrdə “rolik” çəkənlər məşhurlaşır, sonra da başlayırlar seriallara ayaq açmağa. Həmin təsadüfü adamlar arasında bir qarın yeməyə də çəkilənlər var. Bəzən bir az pul da verirlər.
Serialların hamısına aid etmirəm. Peşəkar rejissorların çəkdiyi və peşəkar aktyorların çəkildiyi seriallar da var. Bəzi seriallarda isə baxırsan, aktyorluğa dəxli olmayan, peşəkarlıqdan uzaq, savadsız bir adamı gətirib çəkirlər. Bu saat elə şeylərə fikir verən yoxdur.
Elə televiziyalarda da belədir. Serialı efirdə yayımlayan məsul şəxs sual verməlidir ki, ay rejissor, bu hansı aktyordur, haradan tutub gətirmisən seriala. Nəzarət olmalıdır. Mən özüm bir neçə il əvvəl Türkiyə istehsalı olan 50 bölümlük seriala çəkilərkən hər çəkiliş günü üçün 200 manat qonorar almışam.
Həmin dövr üçün bu böyük pul idi. İndi baxırsan, 30 manata da seriala çəkilrlər. Çünki əsl aktyor o qiymətə çəkilmir. Onlara sərf edir, elələrini çəkirlər. Amma təkrar edirəm ki, bütün rejissorlara, seriallara aid etmirəm. Əyalət teatrlarında o qədər peşəkar aktyorlar var ki…Gətirib onları çəksinlər. İnanın o serialara hamı maraqla baxar”.