Britaniyanın ardınca Azərbaycan bu qurumdan çıxa bilər - rəy
    • 6-04-2024, 13:35
    • 231

Britaniyanın ardınca Azərbaycan bu qurumdan çıxa bilər - rəy

Bakının yanvarda etdiyi xəbərdarlıq; Çingiz Qənizadə: “Əgər yanaşma dəyişməsə, Azərbaycan AHİM-in yurisdiksiyasından çıxma hüququnu özündə saxlayacaq”

London Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yurisdiksiyasını tərk edə bilər. Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak “The Sun” qəzetinə müsahibəsində bildirib. 

O, bu addıma səbəb kimi qeyri-qanuni miqrasiya ilə mübarizəni göstərib. “Hesab edirəm ki, sərhəd təhlükəsizliyi və qeyri-qanuni immiqrasiya ilə mübarizə bizim hər hansı bir xarici məhkəməyə üzvlükdən daha vacibdir”, - deyə hökumət başçısı əlavə edib.

Britaniyanın baş naziri məsələni sona çatdıracağına söz verib və əlavə edib ki, onun fikrincə, Londonun qeyri-qanuni miqrasiya ilə mübarizə sxemi bütün beynəlxalq öhdəliklərə, o cümlədən AİHM qarşısındakı öhdəliklərə uyğundur.

Britaniya Avropa İnsan Haqları Məhkəməsi üzvlüyündən gedərsə, bu bir presedent yarada bilərmi? Məsələn, Azərbaycanın da ondan çıxması mümkünmü və hansı halda? 

Yada salaq ki, bu ilin yanvarında AŞ PA-nın qış sessiyasında qurumun Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu ədalətsiz şəkildə dondurmasına cavab olaraq rəsmi Bakı həm Avropa Şurasından, həm də AİHM-in yurisdiksiyasından çıxa biləcəyini bəyan edib. Londonun qərarı Bakının qətiyyətini bu xüsusda artıra bilərmi? Ümumiyyətlə, AİHM-nin ölkəmiz üçün önəmi nədən ibarətdir? 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yurisdiksiyasını tərk edə biləcəkləri ilə bağlı normal yanaşma ifadə edib: “Söhbət qeyri-qanuni mübarizə sxemi ilə bağlı əsaslandırılıb. Söhbət ondan gedir ki, qeyri-qanuni miqrantlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edirlər və məhkəmə əsasən qanunsuz miqrantların xeyrinə qərar verir. Bu isə ölkələrdə terror riskinin artmasını şərtləndirir. Biz görürük ki, terroru əsasən ölkələrə qeyri-qanuni daxil olmuş şəxslər törədir və ya terrorçulara dəstək verirlər. Ölkənin ictimai-siyasi həyatına müəyyən mənada mənfi təsir edirlər. "Krokus-Siti"də terror aktını törədənlər də digər ölkənin vətəndaşları idi. Onlar hansı formada Rusiyaya gəliblər, hansı sənədlərlə gəliblər, bu da müzakirə predmetidir. Görünən budur ki, qeyri-qanuni miqrantların Avropa məkanına daxil olmaları nəticəsində bu ölkələrin ictimai-siyasi həyatına, ab-havasına yaxşı təsir etmir”.

Azərbaycanın AHİM-dən çıxma ehtimalına toxunan Çingiz Qənizadə deyib ki, Avropa Şurası Parlament Assambleyasının bu ilin qış sessiyasında  Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ ədalətsiz şəkildə dondurulub: “Bu qərara bəzi dövlətlərin parlamentariləri də etiraz etdilər. Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qərəzli qərardan sonra Azərbaycanda da AHİM-dən çıxmaqla bağlı müzakirələr oldu. Bəli, əgər bu gün Azərbaycandan AHİM-ə daxil olan şikayətlərə baxılırsa, Avropa Şurası Parlament Assambleyasında isə Azərbaycanın səsvermə hüququ ədalətsiz şəkildə məhdudlaşdırılırsa, təbii ki, AHİM-dən çıxmaq hüququmuz qalır. Bu gün biz bilmirik ki, bir il ərzində nə baş verəcək. Mümkündür ki, nümayəndə heyətimizin səsvermə hüququ vaxtından əvvəl bərpa olunsun. O da mümkündür bu şəkildə qərəzli mövqe davam etdiriləcək. Əgər yanaşma dəyişməsə, Azərbaycan AHİM-in yurisdiksiyasından çıxma hüququnu özündə saxlayacaq. Ümumiyyətlə, Böyük Britaniyanın AHİM-dən çıxmaqla bağlı qaldırdığı məsələ presedent yarada bilər və digər dövlətlərin də bu presedentdən istifadə edə bilərlər”.