-
- 15-04-2024, 22:51
- 297
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
"Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil".
News24.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Vəkilin sözlərinə görə, ərin pensiyası çoxdursa, öləndən sonra həyat yoldaşına fərq verilir, yaxud da əksinə:
"Burada ər-arvad məsələsi var və bir də ölənin himayəsində kimsə varsa ona verilir. Mənəvi cəhətdən deyirik ki, adam ömrü boyu işləyib, qazanıb, yaşasaydı pensiyasını alacaqdı. Bir də məsələnin ikinci, yəni iqtisadi tərəfi var. Biz hamımız işləyirik və Dövlət Sosial Müdafiə Fonduna məcburi sığorta haqqı ödəyirik. Bizim vəsaitlərimiz hesabına indiki pensiyanerlər pensiya alır. Sabah biz qocalanda o zaman işləyənlərin gəlirindən tutulan vəsaitlər hesabına bizə pensiya veriləcək. Biz də bilirik ki, hər il Dövlət Sosial Müdafiə Fondunda pul çatmır. Bu gün yığılan pul pensiya alanlara çatmır. Üstəlik hər il dövlət büdcəsindən əlavə fonda pul verilir".
Əkrəm Həsənov Dövlət Sosial Müdafiə Fondunun öz-özünü maliyyələşdirə bilmədiyini vurğulayıb:
"Burada iki yol var, ya gərək sosial sığorta haqqlarını artıraq, ya da dövlət büdcəsindən daha çox vəsait ayrılsın. Amma büdcədən vəsaitin ayrılması çətin məsələdir. Bu dəqiqə ölkədə o qədər layihələr var ki. Xüsusən də işğaldan azad olunan ərazilərlə bağlı. Bir də əgər bu qanun halını alırsa icra olunmalıdır".
Əkrəm Həsənov bəzi insanların uzunömürlü olduğunu da əlavə edib:
"Elə insanlar var ki, onlar çox yaşayır. Yəni, onların pensiya kapitalı qurtarır. Bu halda Dövlət Sosial Müdafiə Fondu onlara deyirmi ki, pensiya kapitalın qurtarıb sizə pensiya vermirik? Yox, ödənilir. Gələcəkdə insanların gəlirləri o qədər yüksək olmalıdır ki, bizdən daha çox pul tutulsun. Avropada belədir”.