-
- 16-04-2024, 10:01
- 192
Gürcüstanda minlərlə insan küçələrdə
Axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısına toplaşan nümayişçilər “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin “xarici agent haqqında” qanun layihəsinin parlamentdən geri götürülməsini tələb ediblər.
News24.az xəbər verir ki, Şota Rustaveli küçəsini nəqliyyatın hərəkətinə bağlayan nümayişçilər hakim partiyanın bu il yenidən təqdim etdiyi qanun layihəsinin Parlamentin Hüquq Komitəsində ilkin təsdiqini pisləyiblər.
Qanun layihəsinin Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün “təhlükə” yaratdığını bildirən nümayişçilər qanunun parlamentdə təsdiqlənməməsini tələb ediblər.
Nümayişçilər binanı mühasirəyə alaraq parlamentdə hüquq komitəsinin iclasına etiraz olaraq şüarlar səsləndirməyə cəhd edəndə təhlükəsizlik qüvvələri buna imkan verməyib.
Parlament binasının bütün girişlərini bağlayan çoxlu sayda polisin arxasında xüsusi təyinatlılar və təzyiqli su maşınları təhlükəsizlik məqsədilə hazır vəziyyətdə dayanıb.
Təhlükəsizlik qüvvələri polisin xəbərdarlığına baxmayaraq baryeri keçməyə cəhd edən 14 nəfəri saxlayıb. Nümayişçilərin əksəriyyəti aksiyadan sonra gecə evlərinə getsələr də, bəziləri etirazlarını davam etdirirlər.
Nümayişçilər parlamentin aprelin 16-da keçiriləcək iclasında təsdiqlənməsi gözlənilən qanun layihəsinə qarşı eyni gün yenidən parlament binası qarşısına toplaşacaqlarını bildiriblər.
Qeyd edək ki, qanun layihəsi aprelin 15-də parlamentdə deputatlar arasında davaya da səbəb olub.
Günel Məlikzadə