-
- 1-05-2024, 10:21
- 656
"Amazon" nə qədər qazandı?
ABŞ-ın e-ticarət nəhəngi Amazon-un yanvar-mart dövrü üçün balans hesabatına görə, ilin birinci rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 faiz artaraq 143,3 milyard dollara çatıb.
News24.az xəbər verir ki, 2023-cü ilin birinci rübündə şirkətin xalis satışları 127,4 milyard dollar olub. Bazar gözləntiləri isə şirkətin 142,5 milyard dollar gəlir əldə etməsi olub.
Bulud hesablama xidmətləri göstərən "Amazon Web Services (AWS)" bölməsinin satışları da illik bazda 17 faiz artaraq 25 milyard dollara çatıb.
Şirkətin reklam bölməsinin gəlirləri ilin birinci rübündə 24 faiz artaraq 11,8 milyard dollara çatıb.
Amazon-un xalis mənfəəti birinci rübdə təxminən 229 faiz artaraq 10,4 milyard dollara olub. Müqayisə üçün bildirək ki, şirkət ötən ilin eyni dövründə təxminən 3,2 milyard dollar mənfəət açıqlayıb.
Elektron ticarət nəhənginin səhm başına xalis mənfəəti bu ilin ilk rübündə 98 sent olaraq hesablanıb. Şirkət ötən ilin eyni dövründə hər səhmə görə 31 sent mənfəət əldə edib.
Qeyd edək ki, "Amazon" bu ilin ikinci rübündə 144-149 milyard dollar arasında gəlir gözlədiyini açıqlayıb.
Günel Məlikzadə