Çin prezidenti Serbiyada
    • 8-05-2024, 09:12
    • 129

Çin prezidenti Serbiyada

Çin Prezidenti Si Cinpin və xanımı Penq Liyuanı hava limanında Vuçiç, Serbiya Prezidentinin xanımı Tamara Vuçiç, baş nazir Miloş Vuçeviç, parlamentin sədri Ana Brnabiç, xarici işlər naziri Marko Curiç və keçmiş prezident Tomislav Nikoliçin də olduğu nümayəndə heyəti qarşılayıb.

News24.az xəbər verir ki, Si Belqrada endikdən sonra verdiyi bəyanatda, "Çin və Serbiya ortaq əsas maraqlara və əsas narahatlıqlara aid məsələlərdə bir-birinə möhkəm dəstək verdilər. Biz beynəlxalq ədaləti birgə təşviq etdik və birlikdə sülhün, inkişafın təşviqinə töhfə verdik".

Sinin iki günlük səfəri ilə əlaqədar Serbiya polisi sıx təhlükəsizlik tədbirləri görüb. Serbiya mediası bildirib ki, Si və onu müşayiət edən nümayəndə heyətini qorumaq üçün 3400 polis əməkdaşı olacaq. Sinin Serbiyadakı təmaslarından sonra Macarıstana gedəcəyi gözlənilir.

SƏFƏR TARİXİ İLƏ MESAJ VERDİ

Sinin Serbiya səfərinin başlanğıc tarixi kimi NATO-nun Kosovo müdaxiləsi çərçivəsində Belqraddakı Çin səfirliyinin bombalanmasının 25-ci ildönümünü seçməsi diqqət çəkib.

Çin Sədri Si 7 may 1999-cu ildə Amerika təyyarələrinin 3 Çin vətəndaşının ölümünə səbəb olan hərəkəti ilə bağlı Serbiyanın "Politika" qəzetinə yazdığı məqalədə Çinin səfirliyinin vurulmasını heç vaxt unutmayacağını yazıb. 

Bu gün dərc olunan məqaləsində Si deyib: “25 il əvvəl NATO bu gün Yuqoslaviyadakı Çin səfirliyini ehtiyatsızcasına bombaladı və üç çinli jurnalisti öldürdü. Biz bunu heç vaxt unutmamalıyıq. Qanımızla möhkəmlənən Çin-Serbiya dostluğu xalqlarımızın ümumi yaddaşında yaşayacaq", - o yazıb.

Günel Məlikzadə