Bakıda ər gözəllik salonunda arvadını öldürdü - DƏHŞƏTLİ CİNAYƏT
    • 8-05-2024, 20:23
    • 265

Bakıda ər gözəllik salonunda arvadını öldürdü - DƏHŞƏTLİ CİNAYƏT

Bakının Binəqədi rayonunda 1980-ci il təvəllüdlü Polad ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tamaranı (adlar şərti verilib – red.) qətlə yetirib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Polad 5 may 2007-ci ildən rəsmi nikah münasibətlərində olduğu arvadı Tamara ilə boşanmağa razı olmamasına baxmayaraq, onun “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə qəbul olunmuş 27 mart 2023-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulmasını, uşaqlarına aliment kəsilməsini eşidib.

Polis həmin ilin aprelin 5-də adına olan əmək haqqı ödənişi kartına 529,65 manat pul köçdüyünü gördükdən sonra elə həmin pulun 300 manatını yalnız Lənkəran şəhərində müvəqqəti yaşadığı mənzilin kirayəsinə ödəməli olduğunu, yerdə qalan pulun ayın sonunadək kifayət etməyəcəyini düşünüb.

Bundan sonra Tamaraya zəng edərək iş yerindən əmək haqqı kimi aldığı cəmi 1700 manat civarında pulun çox hissəsi tutulduğuna görə özündə qalan pulla dolana bilməyəcəyini bildirib. Polad paytaxtda yaşadıqları fərdi yaşayış evinin birinci mərtəbəsinin kirayəsindən aldığı 250 manat pulu ona göndərməsi ilə bağlı tələbinə Tamaranın əməl etməməsindən əsəbiləşib. O, həmin kirayə pulunu gələcəkdə özü alması üçün Tamaranı öldürmək qərarına gəlib.

Bu məqsədlə Polad aprelin 13-də Bakı şəhərinə gəlib. O, saat 11.00-da mağazadan bir ədəd mətbəx bıçağı alıb. Sonra saat 11.30-da çalışdığı qadın gözəllik salonuna gəlib. Orada işləyən Tamara ilə görüşüb və bir daha ona əmək haqqı ödənişi kartına köçən pulla dolana bilməyəcəyini bildirib, evin kirayəsindən hər ay aldığı 250 manat pulu verməsini tələb edib.

Bu zaman Tamara pulu verməkdən imtina etdiyini görüb və onu öldürməklə bağlı niyyətini başa çatdırmaq qərarına gəlib. Polad özündə olan bıçaqla Tamaranın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Bu vaxt Tamara xilas olmaq üçün onun əlindən çıxaraq qaçmaq istəyib. Lakin aldığı bıçaq zərbələrinin təsiri nəticəsində halsız vəziyyətə düşüb və müqavimət göstərmək iqtidarında olmayıb.

Polad yerdə sürünərək ondan uzaqlaşmağa çalışan Tamaranı xüsusi amansızlıqla öldürmək məqsədi ilə əlindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Tamaranın onu öldürməməsi barədə yalvarışlarına və aman diləməsinə məhəl qoymayıb. Çoxsaylı zərbələr alan qadın vəfat edib.

“Arvadım əvvəllər heç bir yerdə işləməyib”

İstintaq orqanı tərəfindən Poladın barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Polad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2012-ci ildən MMC-də bir neçə fərqli filiallarda, həmçinin 2015-2017-ci illərdə Xaçmaz rayonunda yerləşən filialında işləyib: “2021-ci ildən Lənkəran rayonundakı filialında mağaza müdiri işləmişəm. 1700 manat maaş alsam da, pulumun bir qismini kirayə haqqına, yemək, yol və digər xərclərinə istifadə edirdim. Ay ərzində adətən Lənkəran rayonu, Liman qəsəbəsində nömrəsiz fərdi yaşayış evində kirayədə yaşasam da, maaşımı aldıqdan sonra, ayın əvvəllərində 2-3 günlük Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan ailəmin yanına gəlmişəm. Həmin ünvanda eyni həyətyanı sahədə atam, anam, 2 qardaşım, o cümlədən arvadım Tamara və övladlarım ayrı evlərdə yaşayıblar. Tamara və övladlarım yaşadığı ikimərtəbəli evin birinci mərtəbəsini mənim razılığımla kirayəyə verib. Tamara ilə birgə nikahdan 2006-cı il təvəllüdlü, 2008-ci il təvəllüdlü və 2016-cı il təvəllüdlü 3 övladımız var. Tamara əvvəllər heç yerdə işləməyib”.

“Mənə xəyanət etmədi”

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2020-ci ildən Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən gözəllik salonunda işləməyə başlayıb: “Əvvəllər Tamaranın işləməsinə heç bir etiraz etməmişəm. Lakin sonradan əhatəsində olan insanlardan, yəni əvvəllər bir yerdə işlədiyi şəxslərin xarakterindən xoşum gəlmədiyi üçün bir neçə dəfə ona irad bildirərək işləməməsini, ailəyə özüm baxdığımı, onun işləməyə ehtiyacı olmadığını desəm də, Tamara evdə darıxdığını və başını qatmaq istədiyi üçün işlədiyini söyləyirdi”.

Təqsirləndirilən şəxs deyib ki, 2015-ci ildə Xaçmaz rayonunda olduğu zaman bir nəfər qadınla qeyri-rəsmi münasibəti olduğu üçün Tamara ilə mübahisə edib, sonradan barışıb: “Həmin hadisədən sonra Tamara mənə qarşı soyuqlaşmağa başladı. Lakin yenə də normal ailə münasibətlərimiz var idi. Bir yerdə yaşayırdıq. 2016-cı ildə qızımız da dünyaya gəldi. Barışdığımız zaman Tamara mənə “mən də sənə xəyanət edəcəm, ağlın başına gələr” desə də, mənə qarşı hər hansı xəyanət etmədi, kiminləsə sevgi münasibəti olmadı”.


“Boşanacağımızı dedi”

Poladın sözlərinə görə, bundan başqa özü Lənkəran rayonunda Süsən adlı başqa bir qadınla qeyri-rəsmi nikah münasibətlərində yaşayır: “Həmin qadının əvvəlki ərindən Zamirə adında azyaşlı qız övladı da var. Lənkəran rayonunda yaşamağa başlayandan etibarən Tamara ilə aramızda soyuqluq artdı. Tamara ilə aramızda bəzən müxtəlif səbəblərlə də mübahisələrimiz olub. Bakı şəhərinə gəldiyim vaxtlarda adətən qızımı götürərək gəzdirirdim, övladlarımla vaxt keçirirdim, evə ancaq yatmağa gedirdim. Evə gedəndə Tamara ilə söhbət etsək də, mənə qarşı olan soyuqluğu açıq-aşkar hiss olunurdu. Həmçinin Tamara deyirdi ki, maaşından az pul göndərirsən. Mən isə deyirdim ki, ayda 300-400 manat pul göndərirəm, həm də övladlarıma da nə lazımdırsa, onu da alıram. Təxminən 2023-cü ilin yanvarında Bakı şəhərində olduğum zaman Tamara ilə söhbət edəndə boşanacağımızı dedi. Mən isə dedim ki, özün bilərsən. Həmin günlərdə anasının yaşadığı evə qonaq gedən zaman anası elə özü söhbət açdı, Tamaranın boşanmaq üçün məni məhkəməyə verdiyini bildirdi. Tamaranın məndən boşanma məsələsini ciddi qəbul etmədim. Tamaranın işin arxasınca düşməyəcəyini, boşanmayacağını və qohum olduğumuz üçün qohumlarımın da məsləhət verərək onu fikrindən döndərəcəyini düşünürdüm. Buna görə də Tamara ilə daha da aramızda soyuqluq yaratmamaq üçün bu barədə söhbət etmədim”.

“Boşanmaq istəmirdim”

Polad qeyd edib ki, 2023-cü ilin fevralında bir-iki günlük, eyni zamanda həmin ilin mart ayında da bir neçə günlük Bakıya gəlib və Tamara yaşadığı evlərində qalıb: “Həmin vaxtlarda da onunla demək olar söhbət etmədim və boşanmaq məsələləri barədə heç nə danışmadıq. 2023-cü ilin martın sonlarında bir nəfər mənimlə əlaqə saxladı. Məhkəmədən zəng etdiyini və Tamara ilə boşanmağımızla bağlı sonuncu iclasın olacağını bildirdi. Həmçinin məndən alimentlə bağlı maaşından tutulmalar olacağını və səhv etmirəmsə, 2022-ci ilin noyabr ayından hesablanacağını dedi. Amma yenə də Tamaranın məndən boşanacağına inanmırdım və boşanmaqdan imtina edəcəyini düşünürdüm. Özüm ümumiyyətlə Tamaradan boşanmaq istəmirdim”.

“Başa düşdüm ki, həqiqətən məndən boşanıb”

Təqsirləndirilən şəxs deyib ki, işlədiyi müəssisədə hər ayın maaşı növbəti ayın əvvəllərində köçürülüb: “5 aprel 2023-cü ildə karta 529,65 manat pul köçdüyünü gördüm. Bu zaman başa düşdüm ki, Tamara həqiqətən məndən boşanıb. Buna görə də maaşımın yarıdan çoxu tutulub. Ona görə də iş yerimdə hər hansı yuxarı vəzifəli şəxsdən maaşımın nə üçün az köçürlüdüyünü soruşmadım. Bununla bağlı Tamaraya zəng etdim və dedim ki, maaşımdan çox tutublar, heç olmasa evin bir mərtəbəsini kirayəyə vermisən, həmin kirayənin pulunu mənə göndər, mənim özümə də pul lazımdır. Çünki 529 manatın 300 manatını Lənkəranda yaşadığım evin kirayəsinə, yerdə qalan pulu isə digər xərclərimə istifadə edəcəkdim və ayın sonuna qədər pulum çatmayacaqdı. Tamara mənimlə razılaşdı. Bundan 3-4 gün sonra yenidən onunla əlaqə saxlayaraq soruşdum ki, danışığımızın üstündən 3-4 gün keçib, pulu hələ də niyə vermirsən. Tamara isə dedi ki, hələ alimentin pulunu ala bilməyib, alanda verəcək. Həmin pulla əlaqədar Tamara ilə görüşüb, üzbəüz söhbət etmək qərarına gəldim. Həmçinin Tamaradan nə üçün boşanmasının səbəbini soruşmaq istədiyim üçün də üzbəüz danışmaq istəyirdim. Həmin həftə ərzində işlərimin çox olması səbəbilə Bakıya gələ bilmədim”.

“Bildirdim ki, biz belə danışmamışdıq”

Təqsirləndirilən şəxs qeyd edib ki, 13 aprel 2023-cü ildə istirahət götürüb və Bakı şəhərinə gəlib: “Bakı şəhərinə çatan kimi birbaşa təxminən 11.00-da Binəqədi rayonu, 6-cı mikrorayon dairəsi tərəfdə yerləşən marketə getdim. Bir ədəd qatlanmayan mətbəx bıçağı aldım. Həmin bıçağı almaqda məqsədim Tamaranı qorxudaraq məndən boşanmasının səbəbini, həmçinin kiminləsə münasibəti olub-olmamasını, məndən nə üçün aliment tutulmasını öyrənmək idi. Bıçağı əynimdəki gödəkçəmin sağ yan cibinə qoydum. Həmin gün təxminən saat 11.30-da Tamaranın işlədiyi qadın gözəllik salonuna getdim. Gözəllik salonuna girdikdə orada iki nəfər qadın olduğunu gördüm. Belə başa düşdüm ki, həmin qadlnlardan biri Tamaranın iş yoldaşı, digəri isə müştəridir. Mən içəri daxil olduqda Tamara salonun mətbəxində idi. İçəridəki qadınlardan çölə çıxmalarını xahiş etdim. Lakin onlar çıxmadılar. Bu zaman Tamara mətbəxdən çıxıb oradakı qadınlardan bir neçə dəqiqə bizə icazə vermələrini və çöldə gözləmələrini xahiş etdi. Həmçinin də mənə “niyə bura gəlmisən evdə danışarıq” dedi. Tamaraya dedim ki, 5 dəqiqə danışıb, gedəcəm. Həmin qadınlar salondan çölə çıxdılar. Tamara ilə söhbət etməyə başladıq. Ona dedim ki, evinin kirayə haqqını heç olmasa mənə ver, pulum karta az oturub, bu pulla dolana bilməyəcəm. Tamara isə “sənə heç nə verən deyiləm, uzaq başı kirayə haqqının 150 manatını verərəm, çünki komunallara da pul vermişəm” dedi. Tamaraya bildirdim ki, 150 manat azdır, 250 manat verərsən, çünki biz belə danışmamışdıq”.

“Ona “sənə lazım idi bu?” dedim”

Polad deyib ki, bu zaman Tamara, ümumiyyətlə heç nə verməyəcəyini deyib: “Həmin ərəfədə salondan çölə çıxan qadınlardan biri də qapını aralayaraq “söhbətinizi evdə edin müştəri gözləyir” dedi. Tamara isə ona “söhbətimizi bitiririk” dedi. Həmin qadın yenidən qapını örtdü. Tamaraya dedim ki, ağzın nədir, verməyəsən, ev mənim özümündür. Tamara isə “yaxşı eləyirəm, get nə istəyirsən elə” dedi. Bu zaman özümdən çıxaraq Tamaranın mənə pul verməkdən imtina etdiyi üçün əynimdəki gödəkçəmin sağ yan cibindən bıçağı çıxardım və sağ əlimdə tutaraq əvvəlcə onun sol böyür nahiyyəsinə bıçaq zərbəsi vurdum. Tamaraya dedim ki, məndən nə üçün boşanıbsan, həyatında başqa kimsə varmı?. Tamara isə bildirdi ki, sənə nə. Bu zaman özümdən çıxdım. Həm Tamara mənə pul verməkdən imtina etdiyi üçün, həm də həyatında kimsə olduğuna görə Tamaranın məndən boşandığını düşündüyüm üçün ona bıçaq zərbələri vurdum. Marektdən bıçağı hədə-qorxu gəlmək üçün alsam da, bıçaqla Tamaraya hər hansı hədə-qorxu gəlməmişəm. Əslində uzaqdan hədə-qorxu gəlmək istəmişəm. Sadəcə olaraq bıçaq Tamaraya yaxın olduğuna görə girib. Ondan sonra isə davamını gətirmişəm. Həmin vaxt onun ölüb-ölə bilməyəcəyini götür-qoy edə bilməmişəm. Bıçaq zərbələri vuran zaman Tamara əlimdən dartınaraq arxası üstə yerə yıxıldı. Həmin vaxt Tamara qışqırdığı üçün çöldən qadınlar da içəri daxil oldular və bizə tərəfə gəldilər. Lakin mən yenə də dayanmadım və ona bıçaq zərbələri endirməyə davam etdim. Hətta həmin vaxt Tamara yerdə dartınıb üzüstə çevrildi. Bu zaman onun kürək nahiyəsinə də bir neçə dəfə bıçaq zərbəsi vurdum. Bundan sonra Tamara iməkləyərək qapıya doğru getmək istəyəndə onun paltarından tutaraq bir dəfə də kürək nahiyəsinə bıçaq zərbəsi vurdum. Lakin Tamaraya konkret olaraq hansı nahiyələrinə və neçə dəfə bıçaq zərbəsi vurduğumu dəqiq xatırlamıram. Ən sonda bıçağı Tamaranın sinə nahiyyəsinə sancdım. Sonra Tamara arxası üstə yerdə uzandığı zaman ona “sənə lazım idi bu?” dedim. Həmin vaxt Tamara hələ də yaşayırdı. Bundan sonra salondan getdim”.

“Kiminləsə cinsi əlaqədə olmasını eşitməmişəm”

Polad qeyd edib ki, Tamaranı qətlə yetirəndən sonra yaşadığı evə gedib, orada avtomobilini qoyduqdan sonra qayıdaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə könüllü təslim olub: “Tamaranı bıçaqla vuran zaman məndən aman diləməyib, yalvarmayıb. Sadəcə olaraq qışqırıb. Bizim aramızda sözlü mübahisə təxminən 4-5 dəqiqə davam etdi. Amma bıçaqdan istifadə edərək Tamaraya zərbələr endirməyim təxminən 1-2 dəqiqə davam etdi. Tamara ilə əlbəyaxa olmamışam. Yalnız bıçaq zərbələri vurmuşam, yumruq və ya təpik zərbələri vurmamışam. Mən heç bir xəstəlikdən əziyyət çəkmirəm, narkotik vasitələrdən istifadə etmirəm, spirtli içkini nadir hallarda qəbul edirəm. Hadisə baş verən günü isə spirtli içki və narkotik vasitədən istifadə etməmişəm. Tamaranın hər hansı şəxslə sevgi münasibətində olması, kiminləsə cinsi əlaqədə olması, kiminləsə danışması barədə heç nə görməmişəm və ya eşitməmişəm. Sadəcə son davranışlarından Lənkərana getdiyim gündən soyumaların çoxalması, evə gec gəlmələri ilə əlaqədar hissə-hissə içimdə şübhələr olub. Çünki beş yaşlı qızım ilə zənglə danışan zaman Tamara evdə olmurdu. Sırf bu məqsədlə ondan sözün düzünü öyrənərək getmək istəmişəm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Polad 19 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.