Sülhməramlıların çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq
    • 15-05-2024, 14:40
    • 165

Sülhməramlıların çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb.

News24.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarının yola salınma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

"2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlayan 44 günlük müharibə uğurlu başa çatıb. Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanan üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti fəaliyyətə başlamışdı. 2023-ci ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq missiyanın fəaliyyətinə böyük ehtiyac qalmayıb", - o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya ölkənin ali rəhbərliyinin əldə etdiyi razılığa əsasən, sülhməramlı kontingentin vaxtından əvvəl çıxarılmasına qərar verilib: "Qərar veriləndən dərhal sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə uyğun olaraq, sülhməramlı kontingentin silah və texnikası, şəxsi heyyəti və ləvazimatlarının Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilib. Hazırda bu gün iştirak etdiyimiz tədbir də sülhməramlı kontingentin misiyasının başa çatması ilə əlaqədardır. Bugünkü tədbirdə Azərbaycan və Rusiya tərəfindən yüksək rütbəli zabitlər, generallar iştirak edəcəklər. Proqramın rəsmi hissəsinin sonunda Azərbaycan və Rusiyanın müdafiə nazirliklərinin heyəti tərəfindən konsert proqramı təqdim ediləcək".//teleqraf