Misir İsrailin təklifini rədd etdi
    • 16-05-2024, 23:20
    • 162

Misir İsrailin təklifini rədd etdi

Misir İsrailin Sinay yarımadası ilə Qəzza zolağı arasındakı Rəfah sərhəd keçid məntəqəsinin yenidən açılması təklifini rədd edib.

News24.az xəbər verir ki, bu məlumatı Misirin iki təhlükəsizlik mənbəsi verib.

İsrail ordusunun ötən həftə yüz minlərlə fələstinlinin sığındığı Rəfaha hücumlarını artırmasından sonra iki ölkə arasında gərginlik artmaqda davam edir.

İsrail təhlükəsizlik xidməti Şin Bet rəsmiləri ötən gün Qahirəyə səfəri zamanı Rəfah sərhəd qapısı ilə bağlı planlarını təqdim ediblər.

Qəzzaya humanitar yardımların daxil olmasında mühüm rol oynayan Rəfah sərhəd qapısı xəstələrin bölgədən təxliyəsi üçün çıxış nöqtəsi olub.

Rəfah sərhəd qapısına nəzarəti ələ keçirən İsrail, HƏMAS-ın gələcəkdə bu sərhəd qapısında hər hansı rol oynamasının qarşısını almaqda güzəştə getməyəcəyini açıqlayıb.

Misir təhlükəsizlik mənbələrindən verilən məlumata görə, İsrailin təklifi İsrailin geri çəkilməsindən sonra Rəfah sərhəd qapısının necə idarə olunacağına dair bir mexanizm ehtiva edir.

Mənbələr həmçinin bildiriblər ki, Misir Rəfah sərhəd qapısının yalnız Fələstin rəsmiləri tərəfindən idarə olunmasında israrlıdır.

Günel Məlikzadə