Aİ-dən hidrogenə 1,4 milyard avro dəstək
    • 28-05-2024, 17:43
    • 270

Aİ-dən hidrogenə 1,4 milyard avro dəstək

Avropa İttifaqı (Aİ) 7 üzv dövlətin bərpa olunan hidrogen dəyər zəncirinin gücləndirilməsi üçün birgə layihələrə 1,4 milyard avro dövlət dəstəyi göstərməsini təsdiqləyib.

News24.az xəbər verir ki, Aİ Komissiyası Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, Slovakiya və Estoniyanın hidrogen dəyər zəncirində tədqiqat, innovasiya və ilk sənaye qurğusunu dəstəkləməyə yönəlmiş ümumi maraq doğuran layihələrin Birliyin ictimai yardım qaydalarına uyğun olaraq təsdiqləndiyini açıqlayıb.

Açıqlamada, hidrogen layihələrinin Aİ-nin 2050-ci ilə qədər nəqliyyat sektorundan emissiyaları 90 faiz azaltmaq və iqlimə uyğunlaşmaq məqsədinə töhfə verdiyi bildirilib.

Layihələr çərçivəsində hidrogenin yanacaq kimi istifadəsinin təşviq ediləcəyi, üzv ölkələrin layihəyə 1,4 milyard avro dövlət maliyyəsi təmin edəcəyi və bununla da 3,3 milyard avroluq maliyyə vəsaitinin aktivləşdiriləcəyi bildirilib. 

Bəyanatda, Airbus, BMW və Michelin daxil olmaqla üzv ölkələrdən 11 şirkət hidrogen texnologiyalarının nəqliyyat vasitələrinə inteqrasiyası, hidrogendən istifadə edən yüksək performanslı yanacaq hüceyrəsi texnologiyalarının inkişafı, hidrogen üçün saxlama həllərinin hazırlanması və inkişaf etdirilməsi kimi sahələr üzərində işləyir. 

Qeyd edək ki, Aİ-yə üzv ölkələrin ictimai dəstəyi necə təmin edəcəyini müəyyən etmək səlahiyyəti Aİ Komissiyasının yurisdiksiyasına aiddir.

Üzv ölkələr ictimai dəstəklərdən yalnız rəqabətə zərər verməyən və ictimai maraqlara cavab verən hallarda istifadə edə bilərlər.

Günel Məlikzadə