İsveçdə yanacaq qiyməti artacaq
    • 2-06-2024, 22:44
    • 139

İsveçdə yanacaq qiyməti artacaq


İsveç hökuməti 2027-ci ildə yanacaq qiymətlərinin artırılması ilə bağlı Avropa İttifaqının (Aİ) yeni direktivini tətbiq etmək qərarına gəlib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, söhbət Aİ-yə üzv olan bütün dövlətlərin tətbiq etməli olduğu yeni emissiya ticarət sistemi olan “ETS2”dən gedir. Lakin İsveç hökuməti daha da irəli getməyə və mümkün qədər sürətlə hərəkət etməyə qərar verib. Emissiya ticarəti kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istifadə olunan yanacağı da əhatə edəcək və 2025-ci il yanvarın 1-dən etibarən isə istixana qazı emissiyalarına görə icazə tələb olunacaq.

İqlim və ətraf mühit naziri Romina Purmoxtarinin sözlərinə görə, “ETS2” sistemi emissiyaların azaldılması üçün dünyanın ən yaxşı siyasət vasitəsidir və bütün sektorların enerji keçidində iştirak etməsi zəruridir.

“Belə bir idarəetmə sistemini işə salmaq üçün texniki və əməli imkanlar olmalıdır. Mühərriki dizel və ya benzinlə işləyən avtomobillərə gəldikdə isə, elektriklə işləyən avtomobil almaq mümkündür. Təəssüf ki, kənd təsərrüfatı maşınlarında elektrik mühərriki texnologiyası mövcud deyil. Belə bir nəzarət sistemi kənd təsərrüfatı üzrə əlavə verginin tətbiq edilməsinə rəvac verə bilər”, - deyə Fermerlər Federasiyasının sədri Palle Borqström bildirib.

İsveçin iqlim siyasəti araşdırmasında iştirak edən ətraf mühit üzrə məsləhətçi Maqnus Nilssonun fikrincə, yanacaq qiymətlərində əhəmiyyətli artım bir litr dizel üçün 0,19 dollara qədər, benzin üçün isə bir az daha az ola bilər.

“İsveç 2030-cu ilə qədər Aİ-nin emissiyaların azaldılması qanunvericiliyinin tələblərini yerinə yetirmək istəyirsə, əlavə siyasi vasitələr tələb olunacaq. Vəziyyət olduqca kritikdir”, - o deyib.

İki həftə əvvəl Riksdaqda müzakirə edilən qanun layihəsi, istehlakçılara və müəssisələrə “ETS2”nin yanacaq qiymətlərinə təsirinə görə tam təzminat verilməli olduğunu vurğulasa da, bunun necə həyata keçiriləcəyi hələlik aydın deyil.

Romina Purmoxtarinin sözlərinə görə, təzminatın verilməsi bölgüsü ilə bağlı məsələnin araşdırılması bu ilin sonunadək aparılmalıdır.