Spiker Belarus Prezidenti ilə görüşüb
    • 11-06-2024, 18:41
    • 218

Spiker Belarus Prezidenti ilə görüşüb

Belarus Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən xəbərə görə, Prezident Aleksandr Lukaşenko bu səfərin parlamentlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Aleksandr Lukaşenko Belarusda, xüsusən də ölkəsinin faşist işğalçılarından azad edilməsinin 80 illiyinin qeyd olunduğu bu günlərdə azərbaycanlıların Qələbəyə və Belarus torpaqlarının azad edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini və onların şücaətlərini xatırladıqlarını qeyd edib.

Söhbət zamanı Prezident Aleksandr Lukaşenko Azərbaycana ötən ay baş tutmuş səfərini böyük məmnuniyyətlə xatırlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətləri yüksək qiymətləndirib. "O, o qədər iş görüb ki, çətin ki, İlham Əliyevdən sonra hansısa prezident bunu təkrar etsin", - deyə Belarusun dövlət başçısı qeyd edib.

Belarus Prezidenti Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunmuş ərazilərimizə də baş çəkdiyini xatırladaraq, Şuşanın iqlimini və təbii gözəlliyini xüsusi qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyədə qonaqpərvərliyə və ölkəmiz haqqında xoş sözlərinə görə, Belarus Prezidentinə minnətdarlığını bildirərək, Prezident İlham Əliyevin salamlarını Belarus Prezidentinə çatdırıb.

Prezident Aleksandr Lukaşenko onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Spiker Sahibə Qafarova əlaqələrin inkişafında iki ölkənin dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli əlaqələrin rolunu xüsusi vurğulayıb. Sahibə Qafarova, Prezident İlham Əliyevin Belarus Respublikasına 2018-ci ildə həyata keçirilən rəsmi səfərinin, o cümlədən, Prezident Aleksandr Lukaşenkonun ötən ay Azərbaycana dövlət səfərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin münasibətlərimizə xüsusi təkan verdiyini bildirib.

Milli Məclisin sədri, bu münasibətlərin parlamentlər çərçivəsində də uğurla davam etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Belarus Prezidentinin Azərbaycana səfəri zamanı əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının, bir çox sahələr üzrə əlaqələrin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıldığı bildirilib. Bunun üçün parlamentlərin də müvafiq qanunvericilik bazasının yaradılması istiqamətində fəaliyyət göstərməsinin önəmi vurğulanıb.