-
- 13-06-2024, 10:21
- 290
Sürət rekordu: Saatda 438 km sürətə çatdı
Yaponiyanın elektrik avtomobil istehsalçısı Aspark OWL SP600 modeli ilə sürət rekordu qırıb.
News24.az xəbər verir ki, Almaniyanın Papenburq sınaq mərkəzində saatda 438,74 kilometr sürətə çatan avtomobil "dünyanın ən sürətli elektrik avtomobili" adını alıb.
Nürburqrinq 24 saatlıq dözümlülük yarışı çempionu Mark Bassengin idarə etdiyi avtomobilin əldə etdiyi maksimal sürət peyk izləmə sistemi ilə də təsdiqlənib.
Qeyd edək ki, 2015-ci ildən yüksək performanslı elektrik avtomobilləri istehsal edən Yaponiya mərkəzli şirkət, avtomobilin əvvəlki sınaqlarında 420 və 430 kilometr sürətə çatdığını vurğulayıb.
Əvvəlki elektromobil sürət rekordu saatda 415 kilometrlə Xorvatiyada yerləşən Rimac Neveraya məxsus olub.
Onu da bildirək ki, saatda 490 kilometr sürət yığa bilən 1577 at gücünə malik Bugatti Chiron SuperSort dünyanın ən sürətli avtomobili adına sahibdir.
İstehsal versiyasında 4 elektrik mühərriki ilə təchiz edilən Owl 0-dan 100 kilometrə cəmi 1,7 saniyəyə sürətlənə bilir.
Bu sürətlənmənin mənbəyi 1953 at gücü və 4 elektrik mühərriki tərəfindən təmin edilən 2000 Nm fırlanma anı gücüdür.
Avtomobilin bütün korpusu karbon lifi ilə gücləndirilmiş plastikdən hazırlansa da, tavanda yalnız metal dayaq istifadə olunur. Avtomobilin hündürlüyü cəmi 99 santimetrdir.
Aspark Owl cəmi 50 ədəd istehsal ediləcək.
Günel Məlikzadə