-
- 18-06-2024, 09:20
- 300
İsraillilər küçələrdə: Netanyahuya istefa çağırışı
Qərbi Qüdsdə İsrail parlamenti qarşısında Netanyahu hökumətinə qarşı keçirilən etiraz aksiyasında on minlərlə insan iştirak edib. Burada İsrailli məhbusların gətirilməsi üçün müqavilə imzalanması çağırışı edilib.
News24.az xəbər verir ki, etirazçılar əllərində “məhbus mübadiləsi razılaşmasını qəbul edin”, “indi seçkilər” və “sən baş nazirsən, günahkarsan” yazılı plakatlar daşıyaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.
Nümayişçilərdən bəziləri dağılışmağa başlasa da, digərləri baş nazir Netanyahunun Qərbi Qüdsdəki iqamətgahına doğru yürüş edib.
Qərbi Qüdsün Qəzza küçəsində (Azza küçəsi) Netanyahunun iqamətgahının qarşısına əllərində İsrail bayraqları və pankartlarla gələn nümayişçilər orada atəş yandıraraq hökumətə etirazlarını davam etdiriblər.
Onların dağılış çağırışından sonra polis süvari birlikləri və TOMA-larla qrupa müdaxilə edərək azı 5 nəfəri saxlayıb.
Bölgədə baş verən hadisədə ən azı 3 nəfər yaralanıb.
Qeyd edək ki, dünən İsrailin baş naziri Netanyahu 2023-cü il oktyabrın 11-də “fövqəladə vəziyyət hökuməti” olaraq yaradılmış Müharibə Nazirlər Kabinetini ləğv edib.
Netanyahu və müxalif Benny Qantz 7 oktyabr 2023-cü ildə blokada altında olan Qəzza zolağına edilən hücumlardan 4 gün sonra "fövqəladə hökumət" və onun nəzdində daraldılmış Müharibə Kabinetinin yaradılması barədə razılığa gəliblər.
Müharibə Kabinetinin üzvü Qantz iyunun 9-da fövqəladə hökumətdən istefa verdiyini açıqlayıb.
Qantzın ardınca Hərbi Nazirlər Kabinetinin üzvü və keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot da Baş nazir Netanyahunun rəhbərlik etdiyi fövqəladə hökumətdən istefa verib.
Günel Məlikzadə