-
- 8-07-2024, 11:51
- 289
Sümbülə Əliyeva azadlığa buraxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb, hökm elan olunub.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, hökmə əsasən, Sümbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub və 2 il sınaq müddəti ilə şərti cəza alıb.
S.Əliyeva barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Sümbülə Əliyeva Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri olub. O, uzun illər rəhbərlik etdiyi hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığorta haqlarını və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib mənimsəməkdə ittiham olunurdu. Sümbülə Əliyeva vergidən yayınma ilə bağlı 71 min manat, digər faktla bağlı isə 201 min manat mənimsəmədə ittiham olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən ötən prosesdə prokuror Ziya Mansurov ittiham nitqi ilə çıxış etmiş, Sümbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını istəmişdi. Prokuror Sümbülə Əliyevanın qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. Cinayət işi üzrə Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti zərərçəkən tərəf kimi tanınıblar.
Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb. Sümbülə Əliyeva uzun illər müxtəlif məmurların, mərhum akademik Cəlal Əliyevin vəkili olub və əsasən mətbuata qarşı məhkəmə iddialarının müdafiəçisi kimi tanınıb.