Hacı  Surxay:
    • 23-05-2019, 19:22
    • 1 738

Hacı Surxay: "Müqəddəratımızın həll olunduğu gecədir"

Bu gecə Ramazan ayının birinci qədr gecəsidir.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, birinci qədr gecəsi Ramazan ayının 18-dən 19-a keçən gecəyə təsadüf edir.

«Həqiqətən, Biz onu (Quranı) Qədir gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik!

Sən Qədir gecəsi nədir, bilirsən?!

Qədir gecəsi min aydan daha xeyirlidir!

O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir iş­dən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.

O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)».  

Bu müqəddəs ayələr məhz Ramazan ayında nazil olub. 

Bəs, Qədr gecəsinin mahiyyəti, Quranın bu ayələri nəyi ehtiva edir?

İlahiyyatçı-din xadimi Hacı Surxay Məmmədli News24.az-a bu ayın fəzilətlərindən danışıb. 

Bildirib ki, Allah Qurani-Kərimdə qədr gecəsi haqqında vacib bir surə buyurub: «Bu, Qədr surəsidir. Nəyə görə buna “Qədr” deyilir? Çünki qüdrətli bir gecədir. Allah-taala buyurub ki, bu ay fəzilətinə görə min aydan üstündür. Bu gecə isə təsəvvür edin, bir ömrü əvəz edən bir gecədir. Quranın eniş gecəsidir. Bilirik ki, həmin gecə oyaq qalmaq lazımdır. Mən deyərdim ki, yatmamaq yox, oyaq qalmaq şərtdir. Qədr gecəsi min aydan şərəflidir. Qədr gecəsində müqəddaratımız həll olunur. 

Bu gecədə insanlar üçün narahatlıq doğuran iki amil var: birincisi, keçmiş günahlarımız bağışlanacaqmı, ikincisi isə keçmiş günahlarımıza görə, gələcəyimiz necə olacaq? Belə nigaranlıq olan halda insan necə yata bilər?! Bunun yolu həmin gecələrdə olunan dualardan keçir».
İlahiyyatçı deyir ki, Peyğəmbərin (s.a.s) hədisində də qeyd olunub ki, Ramazan ayının son 10 günündə Peyğəmbər (s.a.s) yatmazdı: “İnsan sevdiyi qonağı necə intizarla gözləyirsə, Qurani-Kərimin gəlişini də, elə gözləyirik. Eyni zamanda, bu gecə günahlarımızın bağışlandığı gecədir. Ramazan ayında kimsəsizlərin, möhtacı olanların yanında olmaq lazımdır. Ramazan ayı kasıb -varlı bərabərliyidir. Hz.Əli buyurur: «Özü tox, qonşusu ac olan məndən deyil».

Bu baxımdan, Qədr gecəsi çox bərəkətlidir. Hətta ayədə də buyurulur ki, Allahın müqəddəs mələkləri yer aləminə enər, hətta Cəbrayılla bir yerdə səhərə qədər insanların əməllərini yazarlar. Qədr gecələri 3 cür xətm olunub. Birinci gecə ömür verilən, ikinci gecə ruzi, üçüncü isə tale verilən gecədir. Müqəddaratımızın həll olunduğu gecədir».

Afaq Mirayiq