“Qədr gecəsində bunları etsəniz...” - İlahiyyatçı Ceyhun Şükürov
    • 12-05-2020, 17:13
    • 917

“Qədr gecəsində bunları etsəniz...” - İlahiyyatçı Ceyhun Şükürov

Bu gün Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi olacaq. Hər il müsəlmanlar əhya gecələrində məscidlərə toplaşır, səhərə kimi dini ayinləri həyata keçirirdilər. Bu il isə bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir vaxta təsadüf etdiyindən ölkə ərazisində məscidlər fəaliyyət göstərmir. Din xadimləri bu il müsəlmanlara evlərində, ailələri ilə birgə ibadət etməyi tövsiyə ediblər. Bəs, Əhya gecələrində insanlar hansı dualar oxumalı, necə ibadət etməlidirlər?

News24.az bu və digər suallarla bağlı ilahiyyatçı Ceyhun Şükürovla danışıb. 

“Ramazan müsəlmanın həyatında xüsusi yeri olan bir aydır” - deyən ilahiyyatçının sözlərinə görə, bu ay həm də insanı Allaha yaxınlaşdıran, saflaşdıran, kamilləşdirən bir aydır: “Ramazanı gözəlləşdirən bu ayda nazil olan ayələrdir, Allahın kitabıdır. Qurani-Kərim məhz Qədr gecəsində nazil olub. Qədr gecəsi min aydan xeyirlidir deyə buyrulub. Bu müsəlmanlar üçün bir müjdə oldu. Bir ayın içində bir gecə var ki, o gecə min aydan xeyirlidir. Min ayın namazından, orucundan, zikrindən, duasından, sədəqəsindən xeyirlidir. İnsan Ramazanla paylaşdıqdan sonra istəyir ki, daha çox Ramazanda olsun. Çünki Ramazanın xüsusi bir şövqü, imanı vardır. Başqa günlərdə edə bilmədiyin ibadətləri məhz Ramazanda insan şövqlə yerinə yetirir. Vay o insanın halına ki, Ramazana çatsın, bağışlanmadan çıxsın. Çünki Ramazanın sonu bağışlanma ayıdır və bu Əhya gecələrinə təsadüf edir, insanlar məhz qədr gecələrində bağışlanırlar”. 

C.Şükürov Qədr gecəsində oxunan duanı diqqətə çatdırıb: “Allahım sən bağışlayansan, əfv edənsən, kərəm sahibisən, ya rəbb sən bizi bağışla. Yalnız özünə deyil, bütün insanlara, ətrafında olan insanlara dua etmək vacibdir. Peyğəmbərimiz buyurub, sizin ən xeyirliniz kimlərdir? Özünə arzu etdiyini başqalarına arzu edəndir. Müsəlman başqalarını düşünməli, dua etməli, şəfa diləməlidir, yardım etməlidir. Siz bir başqası üçün dua etdiyiniz zaman Allahın mələyi deyir, həmçinin sənə olsun. Ola bilsin bizim dua qəbul olunmaz, amma mələyin duası qəbuldur. Xüsusilə, Əhya gecələrində çoxlu dua etmək lazımdır. Allahın 99 adını çəkib dua edin. Dua edək, Allah koronavirus bəlasından da dünyamızı xilas etsin. Allah oruc və dualarınızı qəbul etsin!”

Afaq Mirayiq