Qeyri-ixtisas sahibləri bağçalardakı işini itirəcək? - AÇIQLAMA
    • 9-07-2024, 23:55
    • 4 817

Qeyri-ixtisas sahibləri bağçalardakı işini itirəcək? - AÇIQLAMA

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bildirib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsinə hazırlıq və onların təlim ehtiyaclarını aydınlaşdırmaq məqsədilə çərçivə sənədi hazırlanıb.

News24.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəbəqədər təhsil pilləsində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsinin aparılmasının müsbət tərəfi qeyri-ixtisas sahiblərinin bu prosesdən kənarlaşdırılmasıdır.

“Məktəbəqədər təhsil müssisələrində çalışanların diaqnostik qiymətləndirilməsinin keçirilməsi ilə bağlı çərçivə sənədinin hazırlanması o deməkdir ki, təhsilverənlər müvafiq olaraq, bu sənədlə tanış olub konkret hansı mövzu, istiqamətlər üzrə hazırlaşmalı olduqlarını müəyyənləşdirə bilərlər. Başlıca məsələ bundan ibarətdir ki, məktəbəqədər təhsil pilləsi strateji təhsil pilləsidir. Burada təhsilverənlərin ümumi bilik və bacarıqları nə qədər yüksək olarsa, həmin istiqamətdə təhsil alanların gələcək təhsil pillələrinə keçidində maneə olmaz, narahatlıq yaşanmaz.

Ümumilikdə bu diaqnostik qiymətləndirmənin keçirilməsinin müsbət tərəfi qeyri-ixtisas sahiblərinin prosesdən kənarlaşdırılması olacaq. Prosesə təhsil qanunvericiliyin tələbində də göstərildiyi kimi yalnız məktəbəqədər təlim və tərbiyə ixtisasını bitirmiş şəxslər cəlb olunacaq”.