Dəhşətli QƏZA: 49 uşaq öldü
    • 10-07-2024, 20:30
    • 375

Dəhşətli QƏZA: 49 uşaq öldü

Dünyada dəmir yolu keçidlərində baş verən qəzalar hər il çox sayda insanın ölümünə səbəb olur. 

News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, nəqliyyat vasitəsinin qatar yoluna çıxması hallarında hər zaman təqsirkar maşinist deyil, sürücüdür. 17 noyabr 2012-ci ildə Misirdə baş verən qəzada dəmir yolu nəzarətçisinin səhlənkarlığı olsa da, sürücü təqsirsiz hesab edilə bilməz. O dövrün mənbələrinə görə, Qahirənin 350 kilometrliyindəki Manfalut yaşayış məntəqəsindəki dəmir yolu keçidində baş vermiş qəza Misir tarixinə ən çox uşağın öldüyü hadisə kimi düşdü. Nəzarətçi postda yatdığı üçün qatar yaxınlaşarkən şlaqbaumu bağlamağı unudub. Bağça uşaqlarını daşıyan avtobus isə sürəti azaltmadan açıq şlaqbaumdan keçmək istəyərkən qatarla toşşuşub. Sürətlə gələn qatar avtobusu 2 kilometr sürüdükdən sonra dayana bilib. Xilasedicilər hadisə yerinə gəldikdə artıq 49 azyaşlı və 2 böyük dünyasını dəyişmişdi. Həkimlərin xəstəxanaya çatdırdığı 17 yaralı uzun müddət müalicədən sonra salamat qaldı. 

Hadisə yerinə 2 saat sonra gələn polis dəmir yolu nəzarətçisini saxladı. Dəmir yollarının rəhbəri və nəqliyyat naziri işdən azad edildilər.

Xarici KİV-lərin məlumatına görə, Misirdə infrastrukturun köhnə olması, pis texniki qulluq və diqqətsizlik vaxtaşırı qatar qəzalarına səbəb olur. 2002-ci ildə baş verən qəzada 400-dək insan həyatını itirmişdi . Hazırda ölkənin dəmir yollarında modernləşdirmə aparılsa da, proses ləng gedir.

Digər tərəfdən, açıq şlaqbaumda keçən sürücü də təqsirsiz hesab edilə bilməz. Hətta tənzimlənən keçiddə belə, sürücü qatarın gəlmədiyinə əmin olduqdan sonra keçidə daxil olmalıdır.