-
- 11-07-2024, 19:56
- 327
Donor vasitəsilə dünyaya gələn uşaqların ailə bağları daha qüvvətlidir – Araşdırma
Donor vasitəsilə dünyaya gələn uşaqların daha çox "etibar və şəxsiyyət problemləri" yaşadıqları məlub olub.
News24.az Medicina.az-a istinadən xəbər verir ki, bunu yeni aparılan araşdırmanın nəticələri üzə çıxarıb.
Tədqiqat göstərib ki, yumurta və ya sperma donorlarından istifadə edilərək dünyaya gətirilən uşaqlar yetkinlik yaşlarında daha çox psixoloji sarsıntılar keçirirlər.
London Kral Kollecinin tədqiqatçıları 4 666 insanın məlumatlarını araşdırıblar. Onların əksəriyyəti ingilisdilli yüksək gəlirli ölkələrdəndir.
Tədqiqat həmin insanların problemlərinin valideynlərinin anonimliyindən qaynaqlandığını müəyyən edib.
Məlum olub ki, donor vasitəsilə dünyaya gələn insanlar erkən yaşda valideynlərinin kim olduqları deyiləndə özlərini daha yaxşı hiss edirlər.
Bu yolla doğulan uşaqlar 1991-ci ildən etibarən qeydə alınıb. Hazırda Böyük Britaniyada 70 000-dən çox belə insan var.
Ancaq onların uzunmüddətli perspektivdə üzləşdiyi psixoloji problemlər haqqında çox az şey məlumdur.
Böyük Britaniya qanunlarına əsasən, bağışlanan genetik materialdan dünyaya gələn hər bir şəxs 18 yaşına çatdıqda donoru haqqında məlumat almaq hüququna malikdir.
Hazırda bu qanun mövcud olsa da, uşağa həqiqəti söyləyib-söyləməmək qərarı tamamilə onları böyüdən valideynlərdən asılıdır.
Bəzi insanlar yalnız DNT və ya soy ağacı testindən sonra reallığı öyrənir. Bəziləri eyni donordan bir neçə bacı-qardaşı olduğunu aşkar edir. Bütün bunlar həmin insanların psixologiyasına mənfi təsir göstərir.
Bununla belə araşdırmalar daha təəccüblü nəticələri də ortaya qoyub. “British Journal of Obstetrics and Gynecology” jurnalında dərc edilən araşdırma çərçivəsində həm donor vasitəsilə dünyaya gələn uşaqların, həm də hazırda yetkinlik dövrünü yaşayanların psixi sağlamlığına dair 50 araşdırmanın nəticələri təhlil edilib.
Tədqiqatçılar donor vasitəsilə dünyaya gələn uşaqların yetkinlikdə daha yüksək mənəvi dəyərlərə və ailə bağlarına sahib olduqlarını üzə çıxarıb.
Tədqiqatın baş müəllifi və qadın sağlamlığı üzrə ekspert, professor Susan Bevley bunu donor vasitəsilə dünyaya gələn uşaqların həmişə onları istəyən ailələrə aid olması ilə əlaqələndirib:
"Belə uşaqlar həmişə planlaşdırılmış, arzu edilmiş hamiləliyin nəticəsində dünyaya gəlirlər. Çünki onların valideynlərindən biri və ya hər ikisi övlad sahibi olmaqda çətinlik çəkib. Odur ki, uşağa daha çox qayğı və diqqət göstərilir. Bu da onların ailələri ilə daha yaxşı münasibətlərini və daha yüksək rifah səviyyələrini izah edə bilər", - deyə professor qeyd edib.