Məktəblilər üçün "Yol Polisimizlə bir gün" adlı tədbir keçirilib
    • 27-05-2019, 10:23
    • 1 132

Məktəblilər üçün "Yol Polisimizlə bir gün" adlı tədbir keçirilib

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə Yol Patrul Xidməti Alayının 1-ci tağımının Saray qəsəbəsində yerləşən stasionar postuna Abşeron rayon məktəblilərinin ekskursiyası təşkil edilib. 


“Yol Polisimizlə bir gün” adlı tədbir «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər və Təhsil Nazirliklərinin həyata keçirdikləri birgə əməkdaşlıq tədbirləri çərçivəsində baş tutub.


DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ekskursiyada, Xırdalan şəhər 1, 2, 4, 5, 7 və 9 nömrəli tam orta məktəblərin yüksək təhsil və intizam göstəriciləri ilə fərqlənən bir qrup şagirdi və onları müşayiət edən təhsil işçiləri iştirak ediblər. Stasionar postda şagirdlərə yol-patrul xidməti inspektorlarının xidməti fəaliyyəti, yol hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkəti üçün görülən tədbirlər, inzibati hüquqpozmalara, eləcə də cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri barədə nəzəri məlumatlar verib. Burada məktəblilərə xüsusi texniki vasitələr nümayiş etdirilib və postun iş fəaliyyətini canlı izləmək imkanı yaradılıb. 


Daha sonra DİN-in Baş DYP İdarəsinin inzibati binasına gələn şagirdlər burada binanın struktur quruluşu, konfrans zalı və digər obyektlərlə tanış olub, habelə Operativ Müşahidə Mərkəzinin, növbətçi hissənin iş prosesini birbaşa izləyiblər. Ekskursiyanın keçirilməsində əsas məqsəd, yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da genişləndirilmək, eyni zamanda bu işdə uşaq və yeniyetmələri aktiv iştirakçılığa cəlb etməkdir. Tədbir zamanı şagirdlərin sualları cavablandırılıb və onlara Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hədiyyələr təqdim olunub.


Qeyd edək ki, şagirdlərin cəlb olunduğu “Yol Polisimizlə bir gün” adlı  tədbirin digər regionlarında da keçiriləcəyini nəzərdə tutulur.