Polis sərnişin daşıyan sürücülərlə GÖRÜŞ KEÇİRDİ
    • 11-09-2019, 17:30
    • 812

Polis sərnişin daşıyan sürücülərlə GÖRÜŞ KEÇİRDİ

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 2-ci tağımının təşkilatçılığı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən Şəhərlərarası Avtovağzallarda sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılar və sürücülərlə görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, komplekslərdə sürücülərin iş qrafiki, tibbi müayinə və istirahət otaqları ilə tanış olan Yol Patrul Xidməti Alayının inspektorları bildiriblər ki, keçirilən görüşün əsas məqsədi sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi və ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılmasıdır.

Sürücülərə Yol Hərəkəti Qaydalarına, iş və istirahət rejiminə riayət etmələrinin zəruriliyindən danışan polis əməkdaşları, onlara nəqliyyat vasitələrini idarə etməzdən əvvəl tibbi müayinədən keçməyin mütləq olduğunu, eləcə də yollarda sürət həddini aşmamağı, yorğun halda nəqliyyat vasitələrini idarə etməmələrinin vacibliyini bildiriblər.

Görüşdə sürücüləri maraqlandıran suallar da inspektorlar tərəfindən ətraflı şəkildə cavablandırılıb.