Ölən şəxsin məhkəmə prosesi davam etdiriləcək
    • 15-07-2024, 18:45
    • 713

Ölən şəxsin məhkəmə prosesi davam etdiriləcək

Bir müddət əvvəl müalicə olunduğu psixatriya xəstəxanasında vəfat edən Ramiz Taxvelinin məhkəmə prosesi davam etdiriləcək.

News24.az apa-ya istinadən xəbər verir ki, Ramiz Taxveli vəfat etdikdən sonra məhkəmə onun barəsində aparılan işə xitam vermək istəsə də, təqsirləndirilən şəxsin hüquqi varisi (R. Taxvelinin anası) oğlunun ölümündən sonra bəraət almasını istədiyi üçün məhkəmə prosesi davam etdiriləcək. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə aparılacaq. Növbəti iclas iyulun 16-na müəyyənləşdirilib.

Xatırladaq ki, Ramiz Taxveli 2018-ci ildə 30 yaşlı arvadı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb. Taxveli verilmiş ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə cəzadan azad edilib, psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib. O bu il yanvar ayında müalicə aldığı psixiatriya xəstəxanasında vəfat edib.

Məlumat üçün onu da bildirək ki, Adelya Taxveli mərhum gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır. Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının oğlu idi.