"Ərdoğanın İsrailə girməyi mümkün deyil"
    • Bu gün, 16:19
    • 68

"Ərdoğanın İsrailə girməyi mümkün deyil"

Türkiyənin beynəlxalq təhlükəsizlik məsələləri üzrə aparıcı eksperti və Ankara Qlobal Məsləhət Qrupunun rəhbəri Hüseyn Bağçı bildirib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Türkiyənin İsrailə "daxil ola biləcəyi" barədə bəyanatının regional və beynəlxalq təsirləri olacaq, lakin bu variant praktikada real deyil. .

News24.az xəbər verir ki, Bağçı bu barədə "TASS"-a danışıb.

"Türkiyə prezidentinin bəyanatı, şübhəsiz ki, regional və beynəlxalq müstəvidə bir sıra nəticələrə gətirib çıxaracaq. Eyni zamanda, Türkiyənin Liviya və ya Qarabağda etdiyi kimi Qəzzaya öz mülahizəsinə uyğun müdaxilə etməsi praktiki olaraq qeyri-mümkün görünür. Bu, mümkün olmayacaq. NATO, ABŞ, Rusiya və ya Çinin maraqlarına cavab verən qlobal güclərin və ərəb dünyası ölkələrinin dəstəyi ilə həll yolu tapıla bilər. Bu, Türkiyənin milli məsələsi deyil, ərəb dünyasının illərdir qaynayan problemidir”. - deyə Bağcı  bildirib.

Eyni zamanda o, Ərdoğanın Qara dənizin Rize vilayətində partiya fəalları ilə görüşündə söylədiyi fikirlərin ilk növbədə daxili hədəf auditoriyaya ünvanlandığını istisna etməyib.

Xatırladaq ki, iyulun 28-də Ərdoğan deyib ki, Türkiyə bir vaxtlar Dağlıq Qarabağ və Liviyaya girdiyi kimi “İsrailə də girə bilər”. Ərdoğanın İsrailə qarşı son sərt bəyanatı iyulun 28-də yerli telekanallar tərəfindən yayımlanıb. Eyni zamanda Türkiyə lideri “İsrailə girmək” ifadəsinin nə demək olduğunu təfərrüatı ilə izah etməyib.

İsrailin xarici işlər naziri İsrael Katz isə Ərdoğanın sözlərinə cavab olaraq deyib ki, o, 1979-2003-cü illərdə İraqa rəhbərlik etmiş və 2006-cı ildə edam edilən Səddam Hüseynin taleyini yaşaya bilər.

Türkiyə Xarici İşlər Nazirliyi soyqırım cinayətlərinə görə “Netanyahunun sonu Hitler kimi olacaq” deyə cavab verib.

Qeyd edək ki, İsrail və Türkiyə arasında münasibətlər 2023-cü ilin oktyabrında başlayan Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra pisləşib. Hər iki tərəf dəfələrlə sərt ifadələr və qarşılıqlı ittihamlar mübadiləsi aparıb. 2023-cü ilin oktyabr ayının sonunda İsrail Xarici İşlər Nazirliyi “İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün” diplomatların Ankaradan çıxarılmasını elan edib. Türkiyə də Tel-Əvivdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.


Məryəm İlhamqızı