Güneydə 2800 illik abidə dağılır
    • 30-07-2024, 23:36
    • 336

Güneydə 2800 illik abidə dağılır

Şərqi Azərbaycan əyalətinin Sərab mahalının Qırxqızlar kəndindəki 2800 illik daş kitabə yox olmaq üzrədir.

News24.az Kult.az-a istinadla xəbər verir ki, bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Bildirilib ki, Urartu dövrünə aid daş kitabə tarixi əsər qaçaqmalçıları tərəfindən zədələnib.

Onların bildirdiyinə görə, 1 il əvvəl kitabənin qorunması ilə bağlı Mədəni İrs Təşkilatına müraciətlər cavabsız qalıb:

"Bu səbəbdən də son 1 il ərzində tarixi əsər daha bir neçə dəfə zədələnib, ətrafı və altında qazıntılar aparılıb".

Qeyd edək ki, Qırxqızlar kəndinin Qarakuh dərəsindəki qaya üzərində 5,4 metr uzunluğunda 12 sətirdən ibarət yazılar həkk olunub.

Qədim Urartu dilində və mixi əlifbasında olan daş kitabənin tarixi eramızdan əvvəl VIII əsrə aiddir. Yazılar Urartu hökmdarı Argişti ilə bağlıdır.

Daş kitabəyə yaxın ərazidə Urartu krallığına aid 21 qaladan birinin qalıqları da mövcuddur.