-
- 31-07-2024, 19:12
- 568
Bioloji yaşı azaltmağın yolu - ARAŞDIRMA
2 ay ərzində veqan pəhrizinə riayət etmək bioloji yaşı azalda bilər.
News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, hüceyrələrin funksiyasının zəifləməsini ifadə edən bioloji yaş, xronoloji yaşdan fərqli olaraq tərsinə çevrilə bilər. Bioloji yaşı hesablamaq üçün konkret üsul olmasa da, alimlər DNT-dəki bəzi dəyişiklikləri araşdıraraq hüceyrələrin qocalmasını qiymətləndiriblər.
ABŞ-ın Stanford Universitetinin tədqiqatçıları yeni bir araşdırmada qısamüddətli veqan pəhrizin bioloji yaşa təsirini araşdırıblar. Ət, yumurta, süd və süd məhsulları kimi qidaların istehlak edilmədiyi veqan pəhrizin getdikcə daha geniş yayılması ilə bu həyat tərzinin sağlamlığa təsirinə dair araşdırmalar da artır.
“BMC Medicine” jurnalında dərc edilən araşdırmada orta yaşları 40 olan 21 əkiz bacı 8 həftə ərzində izlənilib. Bu müddət ərzində əkizlərdən birinə veqan, digəri isə hər şeyi yeyən pəhriz təyin edilib. İştirakçılar tədqiqatın ilk yarısında onlar üçün hazırlanmış xörəklərini istehlak edib, son 4 həftədə isə öz yeməklərini hazırlayıblar. Tədqiqatçılar həm qan testləri aparmaq, həm də DNT metilasiyasını ölçməklə pəhrizlərin təsirini təhlil ediblər.
Tədqiqatın əvvəlində əkiz bacı-qardaşların dəyərləri yaxın olsa da, 8 həftədən sonra veqan pəhriz saxlayanların bioloji yaşının orta hesabla 0,63 il, yəni təxminən 7,5 ay azaldığı qeyd edilib. Bəzi iştirakçılarda, demək olar bir il geriləmə aşkar olunub. Veqan pəhriz ürək, hormon, qaraciyər, iltihab və metabolik sistemlər də daxil olmaqla müxtəlif sistemlərin yaşının azalması ilə nəticələnib.
Tədqiqatın müəllifi Varun Dvaraka bildirib ki, hər il insanlar yaşlanır, bədənləri daha da qocalır. Araşdırma zamanı vegetarian pəhrizdə olan iştirakçılar omnivor pəhrizdə olanlara nisbətən orta hesabla 2 kq daha çox çəki itiriblər. Tədqiqatçılar qeyd ediblər ki, bioloji yaş dəyişikliyinə veqan qidalanma deyil, çəki itkisi səbəb ola bilər. O əlavə edib ki, bu tədqiqatda veqan pəhrizinin hansı aspektlərinin DNT metilasiyasında müşahidə edilən dəyişikliklərə töhfə verdiyini dəqiq müəyyən etmək mümkün olmayıb.
Tədqiqat xüsusi qida maddələri və ya qida qruplarını təcrid etmədən ümumi (vegan və omnivor) müqayisə üçün hazırlanıb. Nəticələrin digər araşdırmalarla uyğunlaşdığını bildirən alimlər hələ də onlara ehtiyatla yanaşmaq lazım olduğu qənaətindədirlər. Bundan əlavə, iştirakçıların sayının az olması tədqiqatın məhdudiyyətidir. Alimlər diqqətə çatdırıblar ki, pəhriz, çəki və bioloji yaş arasındakı əlaqəni, həmçinin veqan pəhrizin uzunmüddətli təsirini araşdıran əlavə tədqiqatlara ehtiyac var.