-
- 1-08-2024, 22:38
- 184
DTK əməkdaşının zəngin ABŞ həyatı: O, sovet rejiminə olan nifrətini boğa bilməyib – FOTOLAR
O, 1950-ci illərdə rabitə, kriptoqrafiya və məxfi şifrələnmə üzrə ən güclü mütəxəssislərdən biri sayılıb. Bauman adına Moskva Ali Texniki Məktəbini qırmızı diplomla bitirən Sergey Kolesnikov hələ tələbəlik illərindən öz bilik və bacarığı ilə həmyaşıdlarından fərqlənib. Elə bu fərqlənməyə görə də ali təhsilini başa vurduqdan sonra onu birbaşa Moskvadakı Qapalı Elmi Tədqiqat İnstitutunda işə qəbul ediblər. Fəaliyyəti məxfi saxlanılan bu institutda işə başlayarkən Kolesnikov Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən nəzarətə götürülüb. Ümumiyyətlə, bu müəssisədə çalışan əməkdaşların hamısı DTK-nın nəzarətində olublar.
Kolesnikov bir müddət bu qurumda işlədikdən sonra onu DTK-ya dəvət ediblər. Bir neçə kabinetdə sorğu-suala tutulduqdan sonra onu DTK sədri İvan Serov qəbul edib. Nəhayət, bu qəbuldan sonra Kolesnikov DTK-ya dəvətinin səbəbini başa düşüb. Serovun ona ilk sualı belə olub:
– Siz nəyə görə Kommunist Partiyasının üzvü deyilsiniz?
Kolesnikov özlüyündə bu sualın cavabını bilsə də onu DTK şefinə söyləməyə cəsarət etməyib. Serov isə cavabı gözləmədən sözünə davam edib:
– Eybi yoxdur, bu problem deyil. DTK-da xidmətə başladıqdan sonra partiyaya da üzv olarsınız. Sizin atanız da uzun illər cibində partiya bileti gəzdirib. İndi isə keçək əsas mətləbə. Hazırda haqqınızda xüsusi yoxlamalar aparılır. Bu formal prosedurdur. Biz sizin kim olduğunuzu bilirik. Atanızın vaxtilə Mərkəzi Komitədə işlədiyini də bilirik. Sizi bir neçə gündən sonra yenidən çağıracaqlar, 3 aylıq kurslardan sonra xidmətə başlayacaqsınız. Bizim sizin kimi mütəxəssislərə böyük ehtiyacımız var.
Həmin görüşdə Kolesnikova fikir bildirməyə imkan verməyiblər. İki həftədən sonra o, DTK-nın xüsusi kurslarına göndərilib, sonra isə 1-ci Baş İdarəyə (xarici kəşfiyyat) xidmətə qəbul olunub.
Kolesnikov dövlət təhlükəsizliyi orqanlarında xidmətə könüllü getməyib. Onun daxilində sovet rejiminə qarşı hədsiz nifrət hissi qaynayıb. Bu da səbəbsiz olmayıb. 1938-ci ildə onun Mərkəzi Komitənin arxivində işləyən atası Matvey Kolesnikovu həbs ediblər. Altı ay “NKVD”-nin zirzəmisində saxladıqdan sonra məlum olub ki, Matvey Kolesnikovun heç bir antisovet fəaliyyəti yoxdur. Azadlığa buraxıldıqdan sonra o, yenidən arxivdəki işinə bərpa olunub. Amma cəmi bir ay sonra ata Kolesnikov “NKVD”-də aldığı işgəncələrdən, qaraciyər zədələnməsindən vəfat edib. Bütün bu hadisələr Sergey Kolesnikovun uşaqlıq yaddaşına həkk olunub, elə sovet rejiminə nifrət hissləri də həmin dövrdən yaranıb.
Sergey Kolesnikov DTK-da mütəxəssis kimi SSRİ-nin xarici ölkələrdəki səfirliklərinin və DTK rezidentlərinin Moskva ilə informasiya mübadiləsinin məxfiliyinə və texniki təhlükəsizliyinə cavabdehlik daşıyıb.
Xidməti işi ilə əlaqədar tez-tez xarici ölkələrdə ezamiyyətlərdə olan Kolesnikov həmin ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyəti haqqında da kifayət qədər məlumatlı olub. O cümlədən Kolesnikovun özü xarici ölkələrin kəşfiyyatının diqqətindən yayınmayıb. O, bacarıqlı bir mütəxəssis kimi diqqət çəkib.
1957-ci ildə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları Kolesnikovla danışıqlara getməyə cəhd ediblər. Həmin ərəfədə Kolesnikov Praqada ezamiyyətdə olub. O, amerikalıların təklifini qəbul edib. Tərəflərin razılığından və məxfiliyin tam təmin olunmasına əminlikdən sonra Praqada görüş baş tutub. Əməkdaşlıq qarşılığında ilkin mərhələdə Kolesnikova 300 min dollar pul təklif edilib. Ümumi razılıqdan sonra Kolesnikovun ABŞ-yə necə keçəcəyi müzakirə edilib. Beləliklə, 1957-ci ilin noyabr ayında Kolesnikova Çexoslovakiyadan ABŞ-yə uçmaq üçün şərait yaradılıb.
Uğurlu qaçışından bir həftə sonra DTK kapitanı rütbəsini daşıyan Kolesnikov ABŞ-də öz işinə başlayıb. O, şərti olaraq “Kəhrəba” adı altında fəaliyyət göstərib. Məhz onun informasiyalarına əsasən Moskva ətrafında məxfi rabitə qurğularına ABŞ kəşfiyyatçıları müdaxilə edə biliblər. Moskva ilə SSRİ-nin xarici ölkələrdəki səfirliklərinin və DTK rezidentlərinin informasiya mübadilələri ABŞ xüsusi xidmət orqanları tərəfindən quraşdırılmış xüsusi qurğulara yazılaraq Vaşinqtona göndərilib.
Kolesnikovun ezamiyyətdən geri qayıtmaması və ümumiyyətlə yoxa çıxması Moskvada böyük səs-küyə səbəb olub. DTK kapitanı İvan Serovu pis vəziyyətdə qoyub. Nikita Xruşov Serova qarşı əsəblərini cilovlaya bilməyib:
– Siz DTK-nın rəhbərisiniz, ölkənin dövlət təhlükəsizliyinə cavabdehlik daşıyırsınız. Amma sizin fəaliyyətiniz kor pişiyin fəaliyyəti qədər də deyil. Gözünüzün qarşısında əməkdaşınız yoxa çıxır, siz isə onun harada olduğunu bilmirsiniz. Ancaq kor pişiklər belə ola bilər.
Kolesnikov ABŞ-də bir müddət məxfi və qapalı fəaliyyət göstərib. Bir ildən sonra isə o, vətəndaşlıq alıb, mənzil və rəsmi işlə təmin edilib. Bəzi mənbələrə görə Kolesnikov ümumilikdə ABŞ tərəfindən 1 milyon dollara yaxın qonorar alıb.
Kolesnikov öz şəxsi həyatını da arxa plana çəkməyib. O, ABŞ-də yaşayan rusəsilli Veronika Kovolyova ilə ailə həyatı qurub.
Moskvada isə Kolesnikovun axtarıları heç bir nəticə verməyib. Yalnız Leonid Brejnev hakimiyyətə gəldikdən sonra həmin dövrdə DTK sədri olan Vladimir Semiçastnı Kolesnikovun məsələsinə yenidən qayıdıb. Məhz Semiçastnının göstərişi ilə sovet mətbuatında Kolesnikov vətən xaini adlandırılanda sabiq DTK kapitanı Moskvanı cavabsız qoymayıb və DTK şefinə açıq məktub göndərib:
“Siz, qəddar sovet rejimi mənim atamı öldürdünüz. Anam da bu hadisəyə dözməyərək dünyasını dəyişdi. Budurmu sizin humanistlik siyasətiniz? Siz qırmızı pafoslu şüarlardan başqa bir şey deyilsiniz. Həmin seçdiyiniz o qırmızı rəng də milyonlarla öldürülən günahsız insanın qanının rəngidir. O qırmızı rəngdə mənim atamın qanının rəngi də var. Mən bütün bunları uşaqlıq illərimdən dərk etmişəm. Ona görə də bu yolu seçdim. Mən ABŞ-də özümü əsl insan kimi hiss edirəm və xoşbəxtəm. Siz isə hələ qan içində çox boğulacaqsınız…”
Qeyd edək ki, ABŞ-nin xüsusi xidmət orqanlarında bir müddət xidmət edən Kolesnikov sonralar ali təhsil ocaqlarında mühazirələr oxuyub. Sabiq DTK əməkdaşı 2009-cu ildə vəfat edib.//medianews