Meymunçiçəyi epidemiyası: ÜST qlobal fövqəladə vəziyyət elan etdi
    • 15-08-2024, 10:59
    • 468

Meymunçiçəyi epidemiyası: ÜST qlobal fövqəladə vəziyyət elan etdi

Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılan meymun çiçəyi virusu ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tədbir görüb.

News24.az xəbər verir ki, virusun Burundi, Keniya, Ruanda və Uqandada virusun yayılması nəticəsində ÜST son iki ildə ikinci dəfə qlobal ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

"Aydındır ki, bu epidemiyaları dayandırmaq və insanların həyatını xilas etmək üçün əlaqələndirilmiş beynəlxalq reaksiya vacibdir" ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus deyib.

Qeyd edək ki, qlobal ictimai səhiyyə fövqəladə halı ÜST-nin ən yüksək xəbərdarlıq səviyyəsi kimi tanınır və tədqiqatı, maliyyələşdirməni, beynəlxalq səhiyyə tədbirlərini və xəstəliyə nəzarət etmək üçün əməkdaşlığı sürətləndirmək məqsədi daşıyır.

Bildirək ki, Meymun çiçəyi ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında insanlarda aşkar edildikdən sonra onilliklər ərzində Afrikanın bəzi bölgələrində endemik olub. Virusun daha yüngül variantı 2022-ci ildə əsasən cinsi əlaqə yolu ilə 100-dən çox ölkəyə yayılıb. Bu, Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) qlobal ictimai səhiyyə fövqəladə vəziyyətini, ən yüksək xəbərdarlıq səviyyəsini elan etməyə vadar edib. ÜST, sağlamlıq böhranının nəzarət altında olduğunu deyərək 10 aydan sonra fövqəladə vəziyyətə son qoyub.

Günel Məlikzadə