"Kurskda 1150 kvadrat kilometr nəzarətə götürüldü
    • 15-08-2024, 17:31
    • 210

"Kurskda 1150 kvadrat kilometr nəzarətə götürüldü"

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində 1150 kvadrat kilometr ərazini və 82 yaşayış məntəqəsini nəzarətə götürdüyü açıqlanıb.

News24.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin sədrliyi və yüksək rütbəli hərbçilərin iştirakı ilə Ali Baş Komandan Qərargahının iclası keçirilib.

Görüşdə videokonfrans vasitəsilə iştirak edən Baş Qərargah rəisi Oleksandr Sirski cəbhə xəttindəki vəziyyət və Kursk bölgəsində baş verənlər barədə məlumat verib.

Kursk vilayətində Ukrayna ordusuna bağlı hərbi komandanlıq mərkəzinin yaradıldığını bildirən Sirski, “Nəzarət olunan ərazilərdə asayişi qorumaq və əhalinin prioritet ehtiyaclarını ödəmək üçün hərbi komandanlıq mərkəzi yaradılıb. Mərkəzin rəhbəri vəzifəsinə general-mayor Eduard Moskalev təyin edilib” dedi.

Ukrayna əsgərlərinin günün əvvəlindən Kursk vilayətinin müxtəlif nöqtələrində 500 metrdən 1,5 kilometrə qədər irəlilədiyini izah edən Sirskiy deyib:

"Qoşunlarımız düşmənin üç əks-hücumunu dəf edib və hücum hərəkətlərini davam etdirirlər. Kursk vilayətində əməliyyat başlayandan qoşunlarımız düşmənin müdafiəsindən 35 kilometr irəliləyib. 1150 kvadrat kilometr ərazi və 82 yaşayış məntəqəsi nəzarətə götürülüb. Ümumilikdə vəziyyət nəzarət altındadır”.

Günel Məlikzadə