-
- 12-08-2024, 12:43
- 447
Kurskda toqquşmaların 7-ci günü: Ukrayna ordusu irəliləyir
Ukrayna ordusunun avqustun 6-da Rusiyanın Kursk ərazisinə daxil olmasından sonra iki ordu arasında başlayan qarşıdurmalar 7 gündür ki, davam edir.
News24.az NTV-yə istinadən xəbər verir ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynanın Kursk, Voronej və Belqorod vilayətləri üzərində atdığı 18 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Rusiya Müdafiə Nazirliyi bu gün Telegram mesajlaşma proqramı vasitəsilə 11 PUA-nın gecə boyu sərhəddəki Kursk bölgəsini hədəf aldığını bildirib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna əsgərlərinin qabaqcıl cəhdlərinin qarşısı alındığI bildirilib: “Ukrayna ordusu son 24 saat ərzində 230-a yaxın əsgər və 38 zirehli texnika itirib”.
Bəyanatda bildirilir ki, “Ukrayna ordusu avqustun 6-dan indiyədək 1350 əsgər və 29 tank, 23 zirehli transportyor, 9 piyada döyüş maşını, 116 zirehli maşın və 20 avtomobil itirib”.
Eyni zamanda, Kiyev rəhbərliyi Kurska başlatdığı hücumla bağlı məlumat paylaşmasa da, sosial mediada yayılan xəbərlərdə ukraynalı əsgərlərin Kursk şəhərinə doğru irəlilədiyi və 350 kvadrat kilometr Rusiya ərazisini ələ keçirdiyi iddia edilib.
Qeyd edək ki, Ukrayna əsgərlərinin Kursk vilayətinin Qonçarovka və Oleşnya kəndlərinə daxil olduğu iddia edilib.
Sosial şəbəkələrdə bu kəndlərdə ukraynalı hərbçilərin bayraq qaldırdığı görüntülər paylaşılıb.
Bəzi Ukrayna mənbələrinə görə, Kursk vilayətində ən azı 3 Ukrayna briqadası var.
Hər bir briqadanın təxminən 2 min əsgərdən ibarət olduğu və bu briqadalardan birinin Ukrayna Silahlı Qüvvələrinin 80-ci Hava Hücum Briqadası olduğu bildirilir.
Günel Məlikzadə