Cadugərlərin Azərbaycandakı ŞOK BİZNESİ
    • 17-08-2024, 19:06
    • 308

Cadugərlərin Azərbaycandakı ŞOK BİZNESİ

İlahiyyatçı: "Cadu xəstəlik kimidir, Allahla əlaqəsi güclü olana heç nə təsir etməz, zəif olana isə..."

Keçmiş "Lider" televiziyasının rəhbəri Ədalət Əliyevin xanımı Nailə Əliyeva paylaşımları ilə bir mövzuya diqqət çəkib. İş xanımı bir qadının ona cadular etdiyi haqda sosial şəbəkə hesabında məlumat yayıb.

N.Əliyeva bildirib ki, bu məsələ ilə bağlı həmin qadın bu yaxınlarda ona mesaj yazaraq üzrxahlıq edib: "Bir xanım neçə illərdir ki, mənə cadular edib. Mən təəccübləndim, düşünürəm ki, o, buna çox pul xərcləyib, bunun işləməyəcəyini görmür? Onun bizə etdiyi hər şey onun öz başına gəlib və ən pisi övladlarının başına gəldi, boşanmalar, işsizlik, xəstəliklər... Amma münasibətlərimiz getdikcə güclənir, maşallah. Amma bir müdrik qadın mənə bunun necə işlədiyini izah etdi və sizə məsləhət vermək istərdim. Mən soruşmayacağam ki, cadugərliyə inanırsanmı, falçılara gedirsənsə, hərə özü bilər, bayaq dediyim kimi, heç kimi mühakimə etmirəm, hər kəs öz yolunu seçir".

Heç kimə sirr deyil ki, ölkəmizdə işləri yolunda getməyən, çətinliyə düşən kimi falçı və cadugərlərin qapısını döyən insanlar kifayət qədərdir. Kimisi bu yolla bəxtinin açılacağına, kimisi qazancının, ruzi-bərəkətinin artacağına, kimisi ev alacağına inanır. Bir sözlə, inam, ümid sonda insanı bu yolu sınamağa vadar edir. Bu səbəbdən belə iddialar da var ki, cadugərlər Azərbaycanda hər il milyonlar qazanır. 

Cadugərlik haqqında müqəddəs hesab edilən dini kitablarda da bəhs edilir. Qurani-Kərimin "Nas" və "Fələq" surələri cadugərliyə həsr olunub.

İddialara görə, hazırda Azərbaycanda falçı və cadugərlər həm onlayn, həm də oflayn fəaliyyət göstərib xeyli pul qazanırlar. Fəaliyyətləri hər nə qədər qanuna zidd olsa da, onlar öz əməllərinə davam edirlər. Lakin dövlətə vergi ödəmirlər.

Falçı və cadugərlik leqal fəaliyyət növü deyil və buna görə Dövlət Vergi Xidməti onları vergi ödəyicisi kimi qeydiyyata ala bilmir. Azərbaycanda caduya inanan və yuxarıdakı xəbərdən də bəlli olduğu kimi cadu etdirən də var. Bəs İslamda cadu barədə nə deyilir? Bundan necə qorunmaq olar?

Yeri gəlmişkən, ABŞ-ın "Plos One" elmi jurnalında yayımlanan araşdırmaya görə, dünyada caduya inananların sayı artmaqdadır. Araşdırmanın gəldiyi nəticəyə əsasən, dünya əhalisinin 43 faizi caduya inanır. Alimlər bu vəziyyətin ən mühüm səbəbinin rifah səviyyəsi ilə bağlı olduğunu vurğulayıblar. Belə ki, kasıb ölkələr caduya çox, varlı ölkələr isə az inananlar arasında yer alıb. Sorğular 5 qitə və 95 ölkədən 140 min insan arasında aparılıb. Sorğuya cəlb olunan insanlara "Pis gözə inanırsınızmı?", "Pis cadu ola bilərmi?" kimi suallar verilib.

News24.az xəbər verir ki, İlahiyyatçı Fərid Abdulla "Yeni Müsavat"a mövzu ilə bağlı fikirlərini bildirib: "Qarşılaşdığım ən çətin durumlardan biri  elə istixarə, dua, cadu və bu qəbil məsələlərdir. Mənə də bununla bağlı çox sayda suallar verilir. Deyirəm, əziz insan, adamın platforma və üslubuna baxın, sonra müraciət edin.

Bəzən tanıdığım adamlar da olur. Soruşurlar ki, ""Quran"a baxardınız, hansı duanı oxuyum, cadu əleyhinə hansı əməlləri edim?" Deyirəm ki, mənim bu barədə fikrim ayrıdır və sizinlə eyni fikirdə olmaya bilərəm. Əgər buna inanırsınızsa, buna inanan adamdan soruşun. Görürəm ki, nə isə naümid olurlar. Yəni necə ola bilər ki, din sahəsi ilə məşğul olan biri, bunlarla da məşğul olmasın?  Bu mənim öz fikrim və inancımdır. Problemə düşmüsən? Get dizini at yerə, dua et. İstədiyin duanı, istədiyin dildə de. Elə bir dua yoxdur ki, Allah desin, bunu oxusan, qəbul edərəm, bunu isə oxusan yox... Bu həyat sınaqla doludur. İmam Hüseynin başına gələnlərə baxın. Ona cadumu olunmuşdu? İmam Hüseyn Yezid və başqaları üçün, başqaları da onun üçün sınaq və imtahan idi. İstixarə sadəcə qərarsızlıq üçün həll yoludur. Amma bu o demək deyil ki, Allahın qərarıdır. Sabah deyə bilməzsən ki, Allah, nə edim e, sən dedin elə, mən də etdim. Həm də yaxşı gəlsə belə, bu cür davam edəcəyinə sığorta da deyil.

Caduya gəlincə, bu, xəstəlik kimidir. Allahla əlaqəsi güclü olana heç nə təsir etməz. Zəif olana, hər şey təsir edər. Allahdan başqa güc, qüdrət sahibi yoxdur. Hətta peyğəmbərlər belə, xəstələniblər, işləri düz gəlməyib və sair. Lakin insanlar bu acı reallığı yox, nə isə xüsusi qeybi, əfsanəvi, qeyri-adi şeyləri dinlə assosiasiya edirlər. Zənn edirlər ki, din mavəradır. Həm də mavəradır (pərdə arxasında olanlar). Lakin bu bizim öhdəliyimiz deyil. Əgər Allah sənə (sınamaq üçün və ya günahın kəffarəsi olaraq) bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir vermək istəsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, bağışlayandır, rəhimlidir. (Yunus, 107) Kim nəyə inanırsa, ona da əməl edə bilər. İnsan adətən inancı ilə üz-üzə gəlir və sınanır".

İlahiyyatçı əlavə edib ki, İslam tərəfindən sehr etmək, bundan pul qazanmaq haramdır, böyük günahlardandır: "İnsan ilk növbədə cadudan, falçıdan, gözdəymədən qorunmaq üçün Allaha çoxlu zikrlər etməlidir. Tez-tez "Əuzu billəhi minəş-şeytanir-racim cümləsini, yəni qovulmuş şeytanın şərindən Allaha sığınıram deyin. Bundan əlavə, "Fələq", "Nas" surələrini oxuyun. "Qələm" surəsinin 51 və 52-ci ayələrini oxumaq lazımdır, buna bəd-nəzər ayələri də deyilir. Eləcə də "Ayətül kürsi" oxunmalıdır".