Vəfat etmiş şəxsin sosial şəbəkə hesabını hansı aqibət gözləyir? - DETALLAR
    • 26-08-2024, 20:11
    • 359

Vəfat etmiş şəxsin sosial şəbəkə hesabını hansı aqibət gözləyir? - DETALLAR

Bu gün sosial media insan həyatının ən ayrılmaz hissəsinə çevrilib. Onlarsız insan həyatını təsəvvür etmək mümkün deyil. Məlumdur ki, günümüzdə texniki səbəblərdən hansısa sosial şəbəkə bir saat, hətta dəqiqələrlə olsa belə, fəaliyyətini dayandırdıqda nəinki insanlara, hətta şirkətlərə, sahibkarlıq subyektlərinə milyonlarla dollarlıq zərər dəyə bilir.

Danılmaz faktdır ki, bu gün blogerlər sosial şəbəkələr vasitəsilə maddi qazanc əldə edirlər. Fərz edək ki, məşhur bloger vəfat edir və təbii ki, belə halda onun yüksək gəlir mənbəyi olan sosial şəbəkə hesabının taleyinin necə olacağı məsələsi gündəmə gəlir. Bu sosial şəbəkə hesabını kim idarə edəcək? Bu məsələnin hüquqi həll yolu nədən ibarətdir?

Qeyd edək ki, bir qrup hüquqşünas məsələyə şəxsi toxunulmazlıq hüququ prizmasından yanaşaraq, rəqəmsal resursların miras əmlakın predmeti ola bilməyəcəyini söyləyirlər.

Digər qrup hüquqşünasın fikrincə isə bir çox insanın sosial şəbəkə vasitəsilə internetə köçürdükləri foto, video və sənədləri “rəqəmsal miras” (“igital inheritance”) hesab etmək olar. Mən də bir hüquqşünas kimi bu fikirdəyəm. Müəyyən ölkələrdə artıq hüquq leksikonuna daxil olan “Rəqəmsal vəsiyyətnamə” adlı bir institut meydana çıxıb. Rəqəmsal vəsiyyətnamə dedikdə, şəxsin ölümündən sonra rəqəmsal aktivlərini idarə etmək üçün hazırlanmış hüquqi sənəd başa düşülür və bu sənəd çox vaxt ənənəvi vəsiyyətnamənin bir hissəsi hesab olunur. Bu, sosial şəbəkə hesabları, e-poçt hesabları, bloqlar, onlayn bank hesabları və digər rəqəmsal məzmun kimi aktivlərin necə idarə olunacağını tənzimləyir.

Düzdür, Azərbaycan Respublikasında “vərəsəlik hüququ” ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin X bölməsində “Rəqəmsal vəsiyyətnamə” institutuna dair müddəalar yoxdur. Lakin sözügedən məcəllənin 1151-ci maddəsi “Miras əmlak” adlanır və həmin maddəyə görə “Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. “Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir”.

Məcəllənin 1166-cı maddəsi isə vəsiyyətə belə anlayış verir: “Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər”.

Sual oluna bilər ki, ölkəmizdə sosial şəbəkə hesabında olanlar miras əmlaka daxil edilir? Yaxud da şəxs sosial şəbəkə hesabını kiməsə vəsiyyət edə bilər? Bəlkə də bu suallara verilən istənilən cavab mübahisələndirilə bilər. Lakin düşünürük ki, qanunvericiliyin verdiyi anlayışlar bu suala müsbət cavab verməyə əsas verir. Lakin sosial şəbəkə hesabının meydana çıxardığı vərəsəlik münasibətlərini birbaşa tənzimləyən müddəaların qanunvericiliyə daxil edilməsi məqsədəuyğun olardı. Çünki məsələ düşünüldüyündən də mürəkkəbdir və bununla bağlı təfərratlı prosedur qaydaların olmasına ehtiyac var.

Sosial şəbəkə hesabında paylaşılanları əmlak hesab etmək nə dərəcədə düzgün hesab edilə bilər? Yaxud sosial şəbəkə hesabına olan hüququ əmlak hüququ saymaq olar?

Sosial şəbəkə hesabında paylaşılanların əmlak hesab edilməsinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Avropa Məhkəməsinin presedent qərarları müstəvisində yanaşa bilərik. Belə ki, Mülki Məcəllənin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.

Məcəllənin 135.2-ci maddəsi isə “əmlak” anlayışına belə tərif verir: “Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur”.

Maraqlıdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (Mülkiyyətin müdafiəsi) mənası baxımından mülkiyyət anlayışı Avropa Məhkəməsi tərəfindən geniş şərh olunur və daha əhatəli həcmdə hətta iqtisadi maraqlar da bu maddənin mənası baxımından mülkiyyət hesab oluna bilir. Məsələn, “Bramelid and Malmström İsveçə qarşı” işdə Avropa Məhkəməsi şirkətin səhmlərinə sahibliyi mülkiyyət hesab etmişdir. Həmin işdə qeyd olunmuşdur ki, səhm, onun sahibinə müvafiq şirkətdə pay hüququ, səsvermə hüququ, həmçinin dolayı yolla şirkətin aktivlərinə tələb hüququ verən sertifikatdır. Bu baxımdan o, mülkiyyət sayılır.

Mülkiyyət anlayışına analoji geniş şərhi Avropa Məhkəməsi “Stran Greek Refineries and Stratis Andreadis Yunanıstana qarşı”, “Pine Valley Developments ltd. İrlandiyaya qarşı”, “Vanmarle Hollandiyaya qarşı” işlərdə də nümayiş etdirib.

Mülkiyyət anlayışının geniş şərhini rəhbər tutsaq, o nəticəyə gələ bilərik ki, sosial şəbəkə hesabında paylaşılanlar da əmlak sayıla bilər.

Digər maraqlı sual ölkəmizdə “Rəqəmsal vəsiyyətnamə”nin tərtib olunmasının mümkünlüyü məsələsidir. Hər halda bu sual da düşündürücüdür və yaşadığımız rəqamsal dünyanın sürətli inkişafı kontekstində ona qanunvericilik müstəvisində münasibət bildirilməlidir.

Bəs, görəsən, sosial şəbəkələrin özləri hesab sahibinin ölməsi halı üçün hansı qaydaları nəzərdə tutur?

Bir neçəsinə nəzər salmaq maraqlı olar. “Facebook”, istifadəçinin ölüm xəbəri ilə onun hesabını xatirləşdirmə hesabına çevirə və ya tamamilə silə bilər. Xatirələşdirmə (ingiliscə “Memorialization”) hesabın saxlandığı, lakin müəyyən dəyişikliklərin edildiyi bir vəziyyətdir. Hesabı silmək üçün isə qanuni nümayəndə və ya yaxın qohum müraciət etməlidir.

Sorğu proseduru necə həyata keçirilir? Bu zaman hesabı xatirə hesabına çevirmək və ya silmək üçün ölüm şəhadətnaməsi və digər lazımi sənədlərlə birlikdə “Facebook”a müraciət edilməlidir. “Facebook” əməliyyatı hesab sahibinin ölümünü yoxladıqdan sonra həyata keçirir.

Qeyd edək ki, “Facebook” kimi “Instagram” da xatirələşdirmə və hesab silmə seçimlərini təklif edir. Xatirələşdirilmiş hesablar mövcud yazıları və izləyiciləri saxlayır, lakin daxil olunmanı bloklayır. Hesabı silmək üçün ölüm şəhadətnaməsi və digər zəruri sənədlərlə “Instagram”a müraciət etmək tələb olunur. Sorğu prosedurana gəlincə, “Instagram”da da hesabın xatirələşdirilməsi və ya silinməsi tələbləri üçün istifadəçinin yaxınları “Instagram” dəstək komandası ilə əlaqə saxlamalı və lazımi sənədləri təqdim etməlidir.

“Twitter” vəfat edən istifadəçilərin hesablarının bağlanmasına icazə versə də, xatirələşdirmə variantı təklif etmir.

“LinkedIn” ölən istifadəçilərin hesablarını bağlamaq və ya onları ziyarət səhifəsinə çevirmək seçimini təklif edir.

Maraqlıdır ki, “Google hesabları” və “YouTube” istifadəçilərin ölümü halında hesabın idarə edilməsi üçün varislərin təyin edilməsi seçimini təklif edir. İstifadəçilər “Google hesabları” vasitəsilə “Hesab varisi” təyin edə bilərlər. Vərəsə hesab sahibinin ölümündən sonra müəyyən məlumatlara daxil ola və hesabları idarə edə bilər.

“eBay”, “Spotify”, “iTunes” kimi hesabların istifadəsi üçün xidmət müqavilələrində bu hesabların başqa şəxslərə ötürülə bilməyəcəyi, şəxsin ölümü ilə onların bağlanacağına dair müddəalar nəzərdə tutulmuşdur.

Maraqlıdır ki, “Rəqəmsal miras”la bağlı ayrı-ayrı ölkələrin məhkəmələrində baxılaraq qərarlar çıxarılmış müəyyən işlər mövcuddur. Bununla bağlı xarici dövlətlərin məhkəmə təcrübələrinə nəzər salmaq maraqlı olar. Məsələn, bu məsələ ilə əlaqədar Türkiyədə ilk dəfə olaraq yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən şəxsin həyat yoldaşı iddia qaldıraraq vəfat edən arvadının mobil telefonunda olan “iCloud” hesabındakı övladı və həyat yoldaşına aid olan fotoşəkillərin ona verilməsini tələb etmişdi. Ərizədə həyat yoldaşının qəzada öldüyünü, yanlış şifrəyə daxil olunduğu üçün bloklanan hesabına daxil olmaq istədiyini bildirmişdi.

Qaldırmış iddia şəxsi həyat toxunulmazlığı hüququnu pozması səbəbinə görə Dənizli 4-cü Sülh Hüquq Məhkəməsi tərəfindən rədd edilsə də, yuxarı məhkəmə olan Antalya Bölgə Ədliyyə Məhkəməsinin 6-cı Hüquq Dairəsi iddiaçının şikayətinə baxaraq “iCloud” hesabınında əmlaka, e-ticarətə, hədiyyə çeklərinə və kuponlara aid olan aktivlər olduğunu və buna görə də “iCloud” hesabının miras əmlakı tərkibinə daxil olması yönündə qərar qəbul edib.

Αlman Federal Məhkəməsi isə rəqəmsal məlumatları “universal varislik prinsipi” müstəvisində qiymətləndirərək onun vərəsələrə külli şəkildə keçməsinə dair diqqəti cəlb edən maraqlı bir qərar qəbul edib. Belə ki, 2012-ci il tarixdə 15 yaşlı uşaq Berlində metro girişində ölü olaraq tapılıb. Onun ölümündən sonra valideynləri bu ölümün cinayət yaxud intihar olduğunu aydınlaşdırmağa cəhd göstərib, bunun üçün uşağa məxsus “Facebook” hesabındakı məlumatları əldə etməyin onlara kömək edə biləcəyini düşünüb və Berlin Bölgə Məhkəməsinə bununla bağlı müraciət edib. Birinci instansiya məhkəməsi valideynlərin tələbini qəbul etsə də, ikinci instansiya məhkəməsi bunun gizlilik qaydasına zidd olduğuna qərar verib. Sonda valideynlərin müraciəti əsasında daha yuxarı instansiya məhkəməsi olan Almaniya Federal Məhkəməsi informasiya məxfiliyinə xələl gətirmədiyinə qərar verib. Hətta qərarda “Facebook” sosial şəbəkəsinin istifadəçi ilə razılaşmasında olan “üçüncü şəxslərə ötürülə bilməz” ifadəsinin heç bir hüquqi qüvvəsi olmadığı bəyan edilib.

Ümumiyyətlə, sosial şəbəkə hesabları ilə bağlı təcrübədə qarşılaşılan sadalamadığımız bir çox başqa problemlər də var və onların hüquq müstəvisində həlli üçün “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu zərurətdən qaynaqlanır. Ümid edirik ki, bu və ya buna oxşar adda qanunun yaxın gələcəkdə qəbul edilməsi və sözügedən sahədə münasibətlərin tənzimlənməsi tezliklə həyata keçiriləcək./publika.az