Əhalinin nəzərinə: Yüksək pensiya almaq üçün… – AÇIQLAMA / VİDEO
    • 28-08-2024, 17:25
    • 745

Əhalinin nəzərinə: Yüksək pensiya almaq üçün… – AÇIQLAMA / VİDEO

Peşə seçimində önəm verilən məsələlərdən biri də təqaüdə çıxdıqdan sonrakı pensiyanın məbləğidir. Azərbaycanda hansı işlərdə çalışanlar daha çox pensiya alır? Hüquq-mühafizə, hərbi sistemindən, Milli Məclisdən təqaüdə çıxanlara nə qədər pensiya verilir? Əgər bir şəxs həm nazir, həm də deputat olubsa, pensiyaya çıxdıqda hansı vəzifənin təqaüdünü alır?

News24.az bildirir ki, mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Elçin Qurbanov deyib ki, əmək pensiyaları növlərinə və tərkibinə görə müxtəlifdir.

Onun sözlərinə görə, vətəndaşlara və digər pensiya təminatı müəyyən edilmiş şəxslərə yaşa, əlilliyə və ailə başçısının itirilməsinə görə əmək pensiyaları müəyyən edilir:

“Yaşa və əlilliyə görə əmək pensiyaları əməkhaqları üzrə sığorta və yığım hissəsindən, ailə başçısının itirilməsinə görə əmək pensiyası isə sığorta hissəsindən ibarətdir. Əmək pensiyalarına əlavələr xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə müəyyən edilmiş əmək stajına uyğun Əmək Pensiyaları Haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada orta aylıq əməkhaqqı məbləğinin 80 faizindən yuxarı olmayan (faizlər tətbiq etməklə) həddə hesablana bilər. Azərbaycan Milli Məclisinin və Naxçıvan Ali Məclisinin fəaliyyətdə olan deputatlarının pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarı ilə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır”.

İqtisadçı deyib ki, əmək pensiyasının minimum məbləği 280 manat təşkil edir:

“Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği pensiya kapitalının pensiya ödənişi müddətinin aylarının sayına bölməklə hesablanır. 2019-cu il yanvarın 1-dən etibarən sığorta olunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda (məbləğindən asılı olmayaraq), 2006-cı il yanvarın 1-dək olan sığorta stajı avtomatik olaraq 25 ilə bərabər götürülür və bu şəxsə hər ilə görə 306 AZN (istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir) pensiya kapitalı yazılır. 2021-ci ildən başlayaraq 25 illik güzəşt hər il 1 il azaldılır”.

E.Qurbanov hansı peşə sahiblərinin daha çox pensiya aldığını açıqlayıb:

“Ən yüksək pensiya alan şəxslər dövlət qulluqçularıdır. Hərbçilər, xüsusi dövlət qulluğunda çalışanlar da yaxşı pensiya alırlar. Məsələn, prokurorluq orqanlarının əməkdaşları, prokurorlar daha yüksək təqaüd alırlar. Millət vəkilləri isə əməkhaqqının 80 faizi miqdarında pensiya alırlar”.