“Sahibini itirmiş heyvan da depressiyaya düşə bilər…” - MARAQLI FAKTLAR
    • 29-08-2024, 21:56
    • 436

“Sahibini itirmiş heyvan da depressiyaya düşə bilər…” - MARAQLI FAKTLAR

İnsanlarla heyvanlar arasındakı münasibət, sevgi, dostluq hər zaman maraqla qarşılanır. İtlər və pişiklər bəzən insanın ən yaxın dostuna, sirdaşına çevrilir. Evində heyvan saxlayan insanların daha xoşbəxt, pozitiv əhvalda olması da sübuta yetirilib. Araşdırmalar göstərir ki, kiçik yaşlarından ev heyvanı ilə böyüyən körpələrin immuniteti də möhkəm olur. 

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov heyvanlarla müsbət münasibətin insanların emosional və mənəvi rifahını, xoşbəxtliyi və dincliyi artırdığını, onlarla vaxt keçirməyin stressi azaltdığını deyib. News24.az xəbər verir ki, o, Demokrat.az-a açıqlamasında qeyd edib ki, heyvanlara məhəbbət təbii həyatın və biomüxtəlifliyin qorunmasına töhfə verir:

“Heyvanlara sevgi heyvanlara qarşı pis rəftarın və sui-istifadənin qarşısını almağa və onların rifahını yaxşılaşdırmağa kömək edir. Müasir həyatın mürəkkəb və gərgin tempi bir çox insanı daha antisosial və stresli həyat sürməyə vadar edir. Müşahidələr göstərir ki, ev heyvanı saxlayan insanların psixoloji vəziyyəti daha yaxşı olur, fiziki cəhətdən daha sağlam olurlar və neqativ halların öhdəsindən daha asan gəlirlər. Ev heyvanı saxlayan insanlar tənhalıq hissləri ilə mübarizə aparmağı da bacarırlar”. 

R.Nəcəfovun sözlərinə görə şəhərləşmə prosesi nəticəsində bir çox heyvan təbii yaşayış yerlərini itirir və buna uyğun olaraq təkamül edir və əhliləşirlər:  

“İnsanlar və heyvanlar arasında qarşılıqlı əlaqənin olması təbiət anlayışının nə qədər geniş və qədim olduğunu göstərir. İnsanların psixoloji müalicəsi üçün heyvanların istifadəsi, xəstələrdə depressiyanı azaltmaq, motivasiyanı artırmaq və ünsiyyəti təşviq etmək kimi bir çox faktor ev heyvanlarını insanların həyatının əhəmiyyətli bir hissəsinə çevirib. Gərgin iş həyatı, günümüzdə şəxsiyyətlərarası münasibətlər anlayışının dəyişməsi, texnologiyanın inkişafı nəticəsində insanlar daha çox qapalı həyata üstünlük verirlər. Beləliklə daha çox ev heyvanlarına sahib olur, onlara bağlanırlar”. 

Ekspert bildirib ki, ev heyvanı ilə birlikdə yaşamaq istəyi onlara kömək etmək niyyətindən qaynaqlanır: 

“İnsanlarla heyvanlar arasındakı münasibətlər qarşılıqlı tənzimlənir. İnsanlar ev heyvanları ilə tənhalıq hisslərinin öhdəsindən gəlir, psixi sağlamlıqlarını yaxşılaşdırır və uşaqlarda məsuliyyət hissi yaradırlar. İnsan bununla həm də yaşamaq üçün səbəb yaradır. Lakin həyatın ən sərt qaydası ayrılıqdır, ölüm bütün canlıların taleyidir. Depressiyadan çıxmağa kömək olmuş heyvan bir gün insanın həyatında yenidən depressiya səbəb ola bilər. Bu zaman psixoloqlara müraciət etmək lazımdır. Başqaları üçün gülməli görünən hallar psixoloqlar üçün anlaşılandır. Sahibini itirmiş heyvan da depressiyaya düşə bilər. Çünki insanlarda olduğu kimi, heyvanlarda da psixoloji halın nizamsızlığı baş verir. Bu zaman həmin heyvanı zoopsixoloqa aparmaq olar”.