Bağırsaq xərçəngindən qorunmağın YOLLARI - ƏTRAFLI
    • 2-09-2024, 13:37
    • 527

Bağırsaq xərçəngindən qorunmağın YOLLARI - ƏTRAFLI

İşlənmiş ətdən, siqaretdən və spirtdən qaçınmaq, aktiv həyat tərzi keçirmək və müntəzəm lif istehlakı bağırsaq xərçənginin inkişaf riskini azaltmağa kömək edir. 

News24.az xəbər verir ki, bu barədə Daily Mail-ə Guildford Xəstəxanasının (Böyük Britaniya) kolorektal xərçəngin müalicəsi üzrə ixtisaslaşmış cərrah və onkoloq doktor Ceyms Rid məlumat verib.

Həkim izah edib ki, bağırsaq sağlamlığı üçün gündə təxminən 30 qram lif istehlak etmək lazımdır. Tövsiyə olunan lif miqdarı bir qabda yulaf ezmesi və ya iki dilim kəpək çörəyində olur. Makaron, düyü, banan, brokoli də bu qida komponenti ilə zəngindir.  

Həkimin sözlərinə görə, hər gün bir alma və bir qaşıq ispanaq yemək də bağırsaq xərçəngindən qoruya bilər.

Onkoloq əlavə edib ki, kolorektal xərçəngə tutulma ehtimalını artıran bəzi qidalar var. Bunlara hazırlanmış ətlər - kolbasa, donuz, vetçina və sosiskalar daxildir. Rəf ömrünü artırmaq və ya dadını yaxşılaşdırmaq üçün tez-tez nitratlar kimi kimyəvi konservantlar əlavə edilir. Bağırsaqda onlar N-nitrozozlar adlanan digər birləşmələri əmələ gətirmək üçün reaksiya verirlər, bu da orqanın selikli qişasını zədələyir və şişlərin əmələ gəlməsinə kömək edir.

Həkim qeyd edib ki, spirt və siqaretdən imtina etmək eyni dərəcədə vacibdir. İstənilən növ pivə, şərab və ya spirtli içkilərin qəbulu ağız, yuxarı boğaz, qırtlaq, yemək borusu, döş, qaraciyər və bağırsaq xərçənginin inkişaf riskini artırır.

Həmçinin onu da vurğulayıb ki, həftədə bir neçə dəfə idman edən insanların kolorektal xərçəngə tutulma riski 20% azalır. Fakt budur ki, fiziki fəaliyyət sağlam çəki saxlamağa kömək edir, iltihab və şiş meydana gəlməsinə səbəb ola biləcək zərərli maddələri tez bir zamanda xaric edir.

Məryəm İlhamqızı