Dünyada yeni düzən FORMALAŞIR
    • 5-09-2024, 11:35
    • 406

Dünyada yeni düzən FORMALAŞIR

“Beynəlxalq aləmin diqqəti Rusiya-Ukrayna müharibəsinə və Yaxın Şərqdəki gərgin vəziyyətə yönəlsə də, böyük dövlətlərin Hind və Sakit Okean bölgəsinə marağı da artmaqdadır. Bölgədə formalaşan siyasi və hərbi birliklər bu maraqdan irəli gəlir. Çin və Hindistan Şanxay Əməkdaşlıq Təşkilatının və BRİCS-in üzvü olsalar da, Hind və Sakit Okean bölgəsində fərqli maraqlara malikdirlər”.

News24.az bildirir ki, bu fikirləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. Politoloq vurğulayıb ki, Narendra Modi üçüncü dəfə Hindistanın baş naziri seçildikdən sonra xarici səfərlərinin sayını artırıb:

“O, əvvəlcə Rusiyaya, ardınca Ukraynaya və Avropa ölkələrinə səfər edib. Hindistanın baş naziri bu dəfə Bruneyə və Sinqapura gedib. Narendra Modi, Bruney Sultanı Hassanal Bolkiahla görüşü zamanı bu ölkəni Hindistanın mühüm tərəfdaşı adlandırıb. “Üçüncü müddətimin əvvəlində Bruneyi ziyarət etmək və gələcəyi sizinlə müzakirə etmək fürsəti əldə etdiyim üçün çox şadam” deyən Modi iki ölkə arasında çoxəsrlik mədəni əlaqələrin varlığına diqqəti çəkib.

Narendra Modi Bruneydən sonra Sinqapura səfər edib. Bu ölkə də Hindistan üçün xüsusi əhəmiyyət kəsb edir. İki ölkə strateji tərəfdaşlığın 10 illiyini qeyd edir. Birincisi, Dehli Sinqapurla hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək istəyir. İki ölkə arasında birgə dəniz təlimləri keçirilib. Ötən il hər iki tərəf ASEAN-Hindistan dəniz təliminə ev sahibliyi edib. Dehli üçün vacib olan Hindistan Hərbi Dəniz Qüvvələrinə logistika dəstəyi üçün Sinqapurdan istifadə etməyə imkan verən razılaşmadır. Bu cür əməkdaşlıq Hindistanın Cənubi Çin dənizinə dəniz çıxışını artırır və bu sahənin ikitərəfli əməkdaşlıqda əhəmiyyətini qeyd edir. İkincisi, iki ölkə arasında münasibətlərə Sinqapurdakı böyük hind diasporunun varlığı müsbət təsir edir. Üçüncüsü, Sinqapur Hindistanın ASEAN-da ən böyük ticarət tərəfdaşı və əsas investorlarından biridir. Hindistan üçün Sinqapur dəyər zəncirlərində, rəqəmsal texnologiyada və yarımkeçiricilər sahəsində də əhəmiyyət kəsb edir”.

E.Şahinoğlu əlavə edib ki, Hindistan Sinqapurda sürətlə inkişaf edən yüksək texnologiyalar sahəsində də əməkdaşlığı genişləndirməyə çalışır.