-
- 5-09-2024, 12:42
- 280
Aİ-yə səyahət edənlərin nəzərinə: Şengen zonasına daxil olarkən...
Avropa İttifaqı (Aİ) noyabrın 10-dan etibarən Şengen zonasına daxil olan üçüncü ölkə vətəndaşları üçün yeni proqram olan Elektron Giriş/Çıxış Sistemini (EES) istifadəyə verir.
News24.az xəbər verir ki, yeni sistem sərhəd keçidlərində pasportlara əl ilə möhür vurulmasını aradan qaldıraraq daha təhlükəsiz və səmərəli nəzarət prosesini təmin etmək məqsədi daşıyır.
"Milliyet"-in xəbərinə görə, EES, AB üzvü olmayan və Şengen bölgəsinə qısa müddət ərzində səfər edən üçüncü ölkə vətəndaşlarının giriş, çıxış, girişdən imtina və qalma müddətlərinin elektron şəkildə monitorinqini təmin edəcək. Sistem 180 günlük müddət ərzində cəmi 90 gündən çox olmayan ziyarətlər üçün etibarlı olacaq.
Bu yeni tətbiqlə Aİ sərhəd təhlükəsizliyini artırmaq, qeyri-qanuni immiqrasiyanın qarşısını almaq və hava limanlarında pasport növbələrini azaltmağı hədəfləyir.
EES sisteminin tətbiqi ilə üçüncü ölkə vətəndaşları Aİ sərhədlərinə gələrkən barmaq izlərini və üz biometriklərini təqdim etməli olacaqlar. Sərnişinlər Aİ-nin xarici sərhədini hər dəfə keçərkən pasportları və ya digər səyahət sənədləri özünəxidmət köşklərində skan ediləcək. İlk keçiddən sonra, sonrakı ziyarətlərdə sistem icazəni təsdiqləmək üçün yalnız barmaq izi və ya üz biometrikasından istifadə etməyi kifayət edəcək.
EES Aİ vətəndaşlarına, Aİ ölkələrinin qanuni sakinlərinə və ya uzunmüddətli viza sahiblərinə şamil edilməyəcək.
Sistem Şengen zonasına daxil olmayan Cənubi Kipr və İrlandiyada istifadə edilməsə də, Şengen zonasına daxil olan İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə girişlər üçün etibarlı olacaq.
Qeydə alınan biometrik və digər məlumatlar EES-də üç il ərzində saxlanılacaq. Sistem saxta sənədlərlə Aİ-yə daxil olmağa çalışan şəxsləri aşkar edəcək.
Məryəm İlhamqızı