Nə üçün ənənəvi ticarət uduzur? - AÇIQLAMA
    • Bu gün, 04:49
    • 53

Nə üçün ənənəvi ticarət uduzur? - AÇIQLAMA

Bu gün dünyada onlayn ticarətin həcmi sürətlə artmaqdadır. İnsanlar evində oturub dünyanın istənilən ölkəsində satılan malı internet üzərindən sifariş verərək gətizdirir. Məlumata görə, hazırda dünyada onlayn ticarətin həcminə görə ABŞ, Çin, İngiltərə, Yaponiya, Almaniya kimi ölkələr ön sıralardadır. Son dövrlər Azərbaycanda da onlayn ticarətə maraq artmaqdadır.

 News24.az xəbər verir ki, onlayn ticarətin iqtisadiyyata təsirləri barədə danışan iqtisadçı Xalid Kərimli qeyd edir ki, onlayn ticarətin inkişafı bazar iqtisadiyyatına müsbət təsir göstərir:

 “Onlayn ticarət insanlar üçün əlavə üstünlüklər yaradır və ənənəvi ticarətin inkişafdan qalmasına səbəb olub. Onlayn ticarətdə  seçim azadlığı olduğundan insanlar  rahatlıqla istədiyini əldə bilir və vətəndaşın  sərfəli məhsul almasına şərait yaradır. Onlayn ticarət həm də  onlayn ödənişləri təbliğ edir. Sözügedən ticarətin inkişafı  ölkə iqtisadiyyatının inkişafına səbəb olur”.

 İqtisadçının sözlərinə görə, vətəndaşlar onlayn ticarət vasitəsilə sifariş etdikləri 300 ABŞ dollarına qədər məhsulları vergisiz gətirmək hüququna malikdirlər:

 “Bu, vətəndaş üçün rahatlıq yaratsa da, ənənəvi ticarətlə müqayisədə ciddi disbalansa səbəb olur. Mağazalar  məhsulları ticarət məqsədilə ölkəyə gətirərkən gömrük rüsumları ödəyirlər. Bu isə ənənəvi ticarətlə məşğul olan sahibkarların xərclərini artırır və rəqabətdə onları daha zəif mövqeyə salır. Ya ənənəvi ticarət də vergidən azad olunmalıdır  və yaxud onlayn ticarətin güzəşti ləğv edilməlidir. Əks halda, bu vəziyyət haqsız rəqabət mühiti yaradır və ənənəvi ticarət sektorunu zəiflədərək iş yerlərinin azalmasına səbəb ola bilər. Doğrudan da onlayn ticarətə hökumət güzəşt edir, amma ənənəvi ticarətə güzəşt yoxdur. Onlayn ticarət  xərclərin nisbətən az olması, müştərinin rahatlıqla seçim etməsi kimi üstünlüklərə malikdir. Bununla belə, ənənəvi ticarətdə məhsulun ölçüsü, keyfiyyəti və görünüşü ilə əyani tanış olmaq imkanı müştərilər üçün əvəzolunmaz üstünlükdür. Bu fərqliliklər hər iki ticarət növünü fərqli sahələrdə üstün edir. İqtisadi inkişafın davamlılığı və ticarət mühitinin sağlam saxlanılması üçün hökumət tərəfindən balanslaşdırılmış vergi siyasəti həyata keçirilməlidir. Bu, həm sahibkarların, həm də müştərilərin maraqlarına xidmət edəcək və iqtisadiyyatda daha güclü rəqabət mühiti formalaşdıracaq”.\\moderator.az