2024-cü il üçün qorxulu xəbərdarlıq:
    • 6-09-2024, 10:20
    • 1 069

2024-cü il üçün qorxulu xəbərdarlıq: "Daha dağıdıcı nəticələri olacaq"

2024-cü ilin avqust ayı 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yuxarı qalxaraq dünyanın ən isti avqustu olub.

News24.az xəbər verir ki, bu barədə Kopernik açıqlamaya verib.

2024-cü ilin iyun-avqust aylarında dünya üzrə ölçülən temperatur 1991-2020-ci illərin orta göstəricisini 0,69 dərəcə, 2023-cü ilin iyun-avqust aylarındakı rekordu isə 0,66 dərəcə ötüb.

Belə ki, bu yay qlobal miqyasda “ən isti yay” kimi xarakterizə edilib.

Bu yay Avropada temperatur cənub və şərqdə orta səviyyədən yuxarı, lakin İrlandiya və İngiltərənin şimal-qərbində, İslandiyada, Portuqaliyanın qərb sahilində və Norveçin cənubunda orta səviyyədən aşağı olub.

Avropadan kənarda Antarktidanın şərqində, Texasda, Meksikada, Kanadada, Afrikanın şimal-şərqində, İranda, Çində, Yaponiyada və Avstraliyada temperatur orta səviyyədən yuxarı qeydə alınıb.

Rusiyanın şərqində və Alyaskada, ABŞ-ın şərqində, Cənubi Amerikanın cənubunda, Pakistanda və Sahel bölgəsində temperaturun orta səviyyədən aşağı olduğu bildirilib.

Hesabatda Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) direktor müavini Samanta Burgessin aşağıdakı ifadələri yer alıb:

"Son üç ayda dünya ən isti iyun və avqust, rekord tarixlərin ən isti günü və ən isti yayı yaşadı. Bu rekord temperatur silsiləsi qeydlərdə 2024-cü ilin ən isti il olacağı ehtimalını artırır. Bu yay istixana qazlarının tullantılarını azaltmaq üçün təcili tədbirlər görməsək, şahid olduğumuz istiliklə bağlı ekstremal hadisələrin insanlar və planet üçün daha dağıdıcı nəticələri olacaq."

Məryəm İlhamqızı