“Bəzi müəllimlər nəşriyyatlarla əlbirdir, onlardan faiz alırlar” - AÇIQLAMA
    • 8-09-2024, 10:44
    • 392

“Bəzi müəllimlər nəşriyyatlarla əlbirdir, onlardan faiz alırlar” - AÇIQLAMA

Tədris ilinin başlanmasına sayılı günlər qalıb. Hər il olduğu kimi bu il də şagirdlərdən müxtəlif vəsaitlərin, iş dəftərlərinin alınması tələb olunacaq.

Bəzi valideynlər bunu normal qarşılasa da, bəziləri maddi cəhətdən çətinlik yaşadıqları üçün bütün bunları lazımsız hesab edir.

Maraqlıdır, bu əlavə dərs vəsaitlərinin alınmasına ehtiyac varmı?

News24.az bildirir ki, mövzu ilə bağlı konkret.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, əlavə vəsaitlərin alınmasını tələb edən müəllimlər bəzi nüanslara diqqət yetirməlidirlər:

Elmin Nuri: “BDU kimi nəhəng universitet hətta öz tələbələrini belə magistraturaya cəlb etmək imkanına malik deyil” Pravda.az

“Həmişə balansı qorumağa çalışmışam. Lakin bu mövzuda valideynləri müdafiə edəcəyəm. Müəllimlər deyəcəklər ki, bu vəsaitlər mövzunun daha yaxşı mənimsənilməsi üçün alternativ variantdır. Mən bununla razı deyiləm. Doğrudur, onların müəyyən qədər faydası var, lakin müəllimlər alternativ vəsaitlərə qaçmaqla yanaşı anlayışlı olmalıdır. Çünki repetitorluq ilə məşğul olub, müəyyən miqdar gəlir əldə edən biri üçün bu vəsaitlərin alınması problem deyil, amma uşağına hər ay müəyyən büdcə ayıran bir valideyn üçün o büdcədən kənar xərcin olması problemdir. Bu gün ölkəmizdə orta statistik  valideyn üçün maddi sıxıntılar kifayət qədərdir. Bu səbəbdən onların maddi sərfiyyatını da düşünmək lazımdır”.

O həmçinin əlavə edib ki, uşaqların zehnini yükləmək olmaz:

“Hər bir insanın qavrayış tutumu, zehni götürmə qabiliyyəti var. Əlavə vəsaitlərlə uşağın zehni tutumunu pis vəziyyətə salırıq. Biz 10 kiloqram yükdaşıma qabiliyyəti olan birinə 15 kiloqram yük verməklə ona zülm etmiş olarıq”.

Tədqiqatçının sözlərinə görə, bəzi müəllimlər nəşriyyatlarla əməkdaşlıq edirlər:

“Bəzi müəllimlər, məktəb rəhbərliyi nəşriyyatlarla əlbir olaraq dərs dedikləri siniflərdə onların vəsaitlərini şagirdlərə satır və buradan müəyyən faizlər əldə edirlər”.