Tənha insanlar dünyasını çox tez dəyişir - SƏBƏB
    • 20-09-2024, 00:08
    • 577

Tənha insanlar dünyasını çox tez dəyişir - SƏBƏB

"Tənha insanlar dünyasını çox tez dəyişir".

News24.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub deyib. Sosioloq bildirib ki, tənhalıq insanın mahiyyətinə ziddir:

"İnsanın anatomiyası elə qurulub ki, sağlam, real vucudunu, ümumiyyətlə özünü başqaları ilə ünsiyyətdə tapır. Alimlər araşdırma aparıb. Həmin araşdırmaya görə, insanların uzun ömürlü olmasının səbəbi onların qohum-əqrəba ilə daha çox ünsiyyətdə olmasıdır. İnsan nə qədər ünsiyyətdə olarsa, onlar bir o qədər üzun ömürlü olar. İnsan tənha qalmamalıdır”.

 Mail Yaqub vurğulayıb ki, tənhalıq insanı depressiyaya salır:

"Onlarda əzginlik yaradır, hərəkət etmək istəmirlər, nəticədə ömür azalır. Depresiyada olan insan çox yaşaya bilməz. İnsan ömrü üçün bir ay da əhəmiyyətlidir. İstisna hallar var, insan tənha yaşayır, amma uzun ömürlü olur. Mən də belə adamları tanıyıram. Biz isə ümumi tendensiyadan danışırıq. Tədqiqatlar minlərlə insanın üzərində aparılır. İnsanın uzun ömür sürməsinin səbəbi ətrafdakılarla xoş ünsiyyətdidir”.

Qeyd edək ki, Quançjou Tibb Universiteti və Sun Yat-sen Universitetinin bir qrup çinli alimi ABŞ-nin Tulane Universitetindən olan həmkarlarının iştirakı ilə tənhalığın sağlamlıq üçün təhlükəsini araşdırıblar. Tədqiqata görə, tək yaşamanın depressiya, narahatlıq və yuxusuzluq kimi psixi sağlamlıq problemlərinə səbəb ola və onu pisləşdirə biləcəyini göstərib. Yalnızlığın hipertoniya, həzm pozğunluğu və hətta vaxtından əvvəl ölümlə də əlaqəli olduğu bildirilir.

Alimlər Çin, ABŞ və Böyük Britaniyada yüz minlərlə xəstənin biotibbi məlumatlarını təhlil ediblər. Onlar tənhalıq hisslərini daha tez-tez bildirən insanların 30 xəstəliyə tutulma riskinin daha yüksək olduğunu müəyyən ediblər.

Professor Adil Qeybulla isə insanın şüurlu varlıq olduğunu bildirib:

 "Ünsiyyət onun üçün çox böyük önəm kəsb edir. İnsanları ünsiyyətdən kənarlaşdırmaq onlar üçün ən böyük cəzadır. Faktiki olaraq insan öz fikirini bölüşə, kiminləsə ünsiyyətdə ola bilmirsə, özünə qapanır və bu zaman onda psixi dəyişikliklər əmələ gələ bilər. Stress vəziyyətinin əsasında ünsiyyətin azalması da dayanır. Sovet dövründə insanlar bir-birinə qonaq gedərdilər, bir-birlərinə ürəklərini boşaldardılar, ünsiyyətdə olurdular".

Professor qeyd edib ki, bu gün bunların qarşısını mobil rabitə alır:

"Rəqəmsal system insanları özünə qapadıb. Hər kəs bir kənara çəkilib telefonla başını qatır, sosial şəbəkələrlə gününü keçirir. Bu da ailənin daxilində belə ünsiyyəti azaldır. Bundan əlavə, yaşlı adamlarla ünsiyyətdə olmağa insanlar meyl etmir, hətta ailə daxilində belə. Ona görə dünyanın əksər ölkələrində yaşlı adamlar özlərinə ünsiyyətdə ola biləcək adamlar tapırlar. Bu səbəbdən onlar üçün ən yaxşı yer qocalar evi olur. Öz yaşıdları ilə ünsiyyətdə olurlar".

Professor gənclərin qocalarla ünsiyytədən qaçdığını vurğulayıb:

"Bu cəmiyyətin acı reallığıdır. Bütün bunlar insan ömrünətəsir edən faktorlardır. Çünki insan nə qədər ünsiyyətdə olarsa, nə qədər stessdən uzaq olarsa, bir o qədər də ömrünə təsir edir. İnsanın tez ölümünə təsir göstərən faktorların biri ünsiyyət qıtlığıdır və ona olan maneələdir. Bu məntiqi baxımdan da belədir”.