-
- 20-09-2024, 13:54
- 242
Əfqanıstan və Pakistan arasında QARŞIDURMA
Əfqanıstanın Xost vilayətində Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında silahlı qarşıdurma baş verib.
News24.az xəbər verir ki, Əfqanıstan mətbuatına açıqlama verən Qulam Xan Sərhəd Qapısının polis rəisi Molla Bilal bildirib ki, dünən axşam saatlarında Xost vilayətində sərhəd qapısında tərəflər arasında münaqişə baş verib.
Münaqişənin saat 02:00-a qədər davam etdiyini deyən Molla Bilal münaqişənin səbəbi və insan itkisinin olub-olmaması ilə bağlı təfərrüatları açıqlamayıb.
Molla Bilal münaqişənin sona çatdığını və vəziyyətin nəzarət altında olduğunu da bəyan edib.
Xatırladaq ki, Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında sonuncu münaqişə sentyabrın 4-də baş verib.
İKİ ÖLKƏ ARASINDA SƏRHƏD MƏSƏLƏLƏRİ
Beynəlxalq aləmdə iki ölkə arasında sərhəd kimi qəbul edilən Durand xəttini indiki administrasiya da daxil olmaqla Əfqanıstandakı hökumətlər rəsmi sərhəd kimi qəbul etməyib.
Əfqan tərəfinin bu xətt üzərində tikdirdiyi keçid məntəqələri də tərəflər arasında mühüm fikir ayrılığı nöqtəsi kimi diqqəti çəkir.
Pakistan isə öz ərazisində həyata keçirilən terror aktlarında Əfqanıstanın da mühüm rol oynadığını iddia edir.
Əfqanıstan və Pakistan arasında sərhəd problemləri davam edərkən, iki ölkənin təhlükəsizlik qüvvələri arasında vaxtaşırı silahlı qarşıdurmalar baş verir ki, bu da ölümlə nəticələnir.
Günel Məlikzadə