-
- 25-09-2024, 16:05
- 193
İsrailin Livana hücumlarının üçüncü günü
İsrail ordusunun Livanı havadan bombardmanları davam edərkən, Hizbullah Təl-Əvivə hücuma keçib.
News24.az xəbər verir ki, İsrail ordusu radiosunun xəbərində, Təl-Əviv bölgəsinin oktyabrın 8-də Hizbullah ilə qarşıdurma başlayandan bəri ilk dəfə Livandan raket hücumlarına məruz qaldığı bildirilib.
Livan Hizbullahı da bəyanat verərək İsrail kəşfiyyat təşkilatı Mossad-ın Təl-Əviv yaxınlığındakı casusluq agentliyinin qərargahını hədəfə alaraq raket atdığını açıqlayıb.
Hizbullah Mossad-ı liderlərinə sui-qəsddə və üzvlərinin istifadə etdiyi rabitə cihazlarını partlatmaqda ittiham edir.
Qeyd edək ki, İsrail ordusu sentyabrın 23-ü səhər saatlarından etibarən Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.
Livan Səhiyyə Nazirliyi hücumlarda 50-si uşaq, 95-i qadın olmaqla 569 nəfərin öldüyünü, 1835 nəfərin isə yaralandığını açıqlayıb.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edir.
Günel Məlikzadə