-
- 26-09-2024, 15:46
- 221
Rayonlarda benzin tapılmır? - AÇIQLAMA
Gəncədə yanacaq probleminin olması ilə bağlı iddialar yayılıb.
News24.az xəbər verir ki, bu barədə özəl yanacaqdoldurma məntəqələrində çalışan bir neçə əməkdaş “Qafqazinfo”ya müraciət ediblər.
Onların sözlərinə görə, hazırda Gəncə və ətraf bölgələrdə benzin ve solyarka qıtlığı mövcuddur: “Benzin tapmaq olmur. Artıq bəzi yanacaqdoldurma məntəqələri benzin satışını dayandırıb”.
Bununla yanaşı, Gəncə şəhərində yerləşən 6-saylı Gəncə Neft Baza Sahəsinin əməkdaşları da, eyni şikayətlə saytımıza müraciət ediblər: “Təxminən 1 aya yaxındır, yanacaq yoxdur. Bununla bağlı dəqiq məlumat bildirilmir. Baza hazır vəziyyətdədir və yanacağın qəbulunda heç bir problem yaşanmır. Əslində benzin qıtlığının səbəbi onun daşınmasındadır. Və bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yükdaşınması aradan qaldırmalıdır”.
Gəncədəki yanacaqdoldurma məntəqələrində solyarka qıtlığının olması ilə bağlı problemi aydınlaşdırmaq üçün “SOCAR Petroleum”la əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, yanacaqla bağlı şirkət tərəfindən hər hansı çatışmazlıq yoxdur: “Bütün neft bazası sahələrini və yanacaqdoldurma stansiyalarını tam təmin edəcək miqdarda yanacaq ehtiyatı var.
Hazırda daşınma ilə bağlı müəyyən problem yarandığından bölgələrə yanacaq təchizatında müvəqqəti fasilə yaranıb. Problem aradan qalxdıqda bütün bölgələrimizdə fəaliyyət göstərən NBS-lər yanacaqla təmin ediləcək.
Qeyd edək ki, daşınmalar “SOCAR Petroleum” tərəfindən həyata keçirilmir. Xatırladaq ki, hazırda sahibkarlar Bakı şəhərində yerləşən 1 və 22 saylı neft bazası sahələrindən yanacaq əldə edə bilərlər”.
Yanacaqdoldurma məntəqələrindəki əməkdaşların iddiaları ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə də (ADY) sorğu ünvanladıq. Qurumdan verilən cavab isə belə oldu: “ADY daşımaların vaxtında və təhlükəsiz həyata keçirilməsi üçün bütün resurslara malikdir. Sifariş olduğu təqdirdə müvafiq qaydada icra olunacaq”.