“Benzin qıtlığı payız aylarına qədər davam edə bilər, çünki..."  - AÇIQLAMA
    • 6-07-2022, 13:30
    • 1 155

“Benzin qıtlığı payız aylarına qədər davam edə bilər, çünki..." - AÇIQLAMA

Paytaxt sürücülərinin tıxac, sıxlıq, park etmə problemlərindən yetərincə əziyyət çəkdiyi zamanda yeni yaranan problem onların digər çətinliklərini kölgədə qoyub. İndi də paytaxt sürücüləri benzin qıtlığı yaşayır. 

Artıq bir neçə gündür ki, paytaxtdakı əksər yanacaq doldurma məntəqələrində Aİ-92 markalı benzin bitib. Hətta bu problem təkcə paytaxtda deyil, bölgələrdə də yaşanır.


Sürücülərin əksəriyyəti bildirir ki, benzin olan yanacaqdoldurma məntəqələrinin bir qismində isə limit tətbiq olunub. Yanacaq yalnız 50 litrə qədər satılır. Çox zaman sürücülərə Aİ-95 markalı benzin təklif  edilir.

Bəs, bu yanacaq növünün qıtlığının yaranmasının səbəbi nədir?

News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda yanacaqla bağlı yaranan problemin əsas səbəbi neftayırma zavodunun təmiri ilə bağlıdır: “Neftayırma zavodunu təmirə saxlayarkən onun yarada biləcəyi nəticələrin planlaşdırılmaması hazırda Aİ-92 markalı benizinin tapılmamasına gətirib çıxarıb. Bu problemi yaşamamaq üçün əvvəlcədən yanacaq ehtiyatları toplanmalı idi. Ehtiyatlar toplanmadığı üçün zavodun təmirə bağlanması daxili bazarda müəyyən gərginlik yaratdı. Ai-92 markalı benzin əsasən Rusiyadan alınırdı. Rusiyadan alışlarda da müəyyən problemlər yarandı. (pul köçürmələr və s.) Sözügedən yanacağı digər yerdən almaq da mümkün deyil, çünki avrotandartlara uyğun gəlmədiyi üçün digər ölkələr bu benzin növünün istehsalını çoxdan dayandırıb”.

Eyni zamanda ekspert problemin həlli üçün vacib olan məsələni də diqqətə çatdırıb: “Problemin həlli üçün neftayırma zavodunun işə düşməsini gözləməli olacağıq. Yerli istehsalın tam artırılması üçün bu zavod tam gücü ilə işləməlidir. Qarşıdakı 1-2 ayda-payız aylarına qədər bu problemin yaşanması ehtimalı yüksəkdir”. 

Məsələ ilə bağlı "SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Üzeyir Həbibbəyli ilə əlaqə saxladıq. QSC-dən bildirildi ki, hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur. Bütün yanacaq növlərinin satışı adi qaydada həyata keçirilir.

Qumral ƏLİYEVA