DSX-də Nəsiminin 650 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir - - FOTO
    • 18-06-2019, 12:10
    • 846

DSX-də Nəsiminin 650 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir - - FOTO

Dahi Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər Dövlət Sərhəd Xidmətində böyük təntənə ilə qeyd edilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən News24.az-a verilən məlumata görə, hərbi hissə və bölmələrdə keçi­rilən seminarlarda, ədəbi-bədii gecələrdə elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiy­yətin çoxsaylı nü­mayəndələri iştirak edirlər.

Bu tədbirlər çərçivəsində iyun ayının 17-də Dövlət Sərhəd Xidmətində Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin, Neft-Kimya Prossesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Almaz Ülvi Binnətovanın və Azərbaycan Respublikasının xalq artisti, dövlət mükafatı laureatı Şeyx Əbdül Mahmudbəyovun iştirakı ilə keçirilən tədbirdə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası, şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb, bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib, dərin poetik fikirləri ilə dövrün elmi-fəlsəfi düşüncələrinin ifadəçisinə çevrilib, adı mərdlik, fədakarlıq və iradə rəmzi kimi çəkilən dahi İmadəddin Nəsiminin həyat və yaradıcılığından ətraflı məlumat verilib.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması və məhz Dahi Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyinin YUNESKO-nun tədbirləri siyahısına daxil edilməsi və 1973-cü ildə beynəlxalq miqyasda qeyd edilməsi xüsusi olaraq vurğulanıb.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ildə Parisdə Nəsiminin ildönümünün qeyd olunması, ötən il Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə Nəsimi poeziya festivalının keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması bir daha ölməz şairin yaradıcılığına, onun irsinə töhfə olmaqla yanaşı eyni zamanda bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və milli-mənəvi dəyərlərimizə dövlətimiz tərəfindən göstərilən ehtiramın ifadəsi böyük minnətdarlıqla qеyd еdilib. 

Tədbirin sonunda Bakı Bələdiyyə Teatrının kollektivi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş bədii kompozisiya nümayiş etdirib.